Məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxslə bağlı qərar verildi


  • 7 Yanvar 14:18

Həbsdə məhkum yoldaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən Azər Şaliyev barəsində hökmdən verilən kassasiya şikayətinə baxılıb.

E-huquq.az xəbər verir ki, Ali Məhkəmədə hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul edilib.

Qərara əsasən, kasassiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, sözügedən əməli törətdiyinə görə A.Şaliyevə Cinayət Məcəlləsinin 29 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə A.Şaliyevin öldürmək niyyəti olmadığı qənaətinə gəlinib və onun əməli qəsdən sağlamlığa ağır zərər vurmaya tövsif edilərək 4 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Bakı Apellyasiya Məhkəməsi isə təqsirləndirilənin öldürmək niyyətində olduğuna qərar verib. Buna görə də Azərin əməli qəsdən adam öldürməyə cəhd kimi şərh edilib və ona 15 il həbs cəzası verilib.

Qeyd edək ki, A.Şaliyev 2014-cü ildən həbsdədir. Həmin vaxt o, quldurluq və narkotik cinayətlərinə görə 13 il müddətinə azadlıqdan məhrum edilmişdi. Cəzasının bitməsinə 3 il qalmış daha bir cinayət törədib. Bu dəfə o, 10 illik məhkum Şəhriyar Baxışəliyevin boyun nahiyəsinə iki dəfə ülgüclə xəsarət yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda məlum olub ki, Şəhriyar Azəri bağışlayaraq ifadəsində deyib ki, dustaq yoldaşı onu öldürmək istəməyib. Sadəcə etdiyi səhv hərəkətə görə onun üzündə kəsici alətlə iz buraxmaq istəyib. Tərəflər Bakı Ağır Cinayətlər Məhkəməsində barışsa da, Bakı Apellyasiya Məhkəməsində yenidən üz-üzə gəldikdə Şəhriyar bu dəfə Azərdən şikayətçi olduğunu, Azərin onu öldürmək istədiyini deyib.

Humay Eminqızı

Oxşar xəbərlər