53 yaşlı qadın sürücülərə intim münasibət təklif etdi, sonra şantajla pul aldı - MƏHKƏMƏ


  • 8 Yanvar 12:23

Hədə-qorxu, soyğunçuluq və oğurluqda təqsirləndirilən Samirə Məmmədovanın (ad-soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, məlum olub ki, S.Məmmədova 17 yanvar 2025-ci il tarixdə Bakı-Ələt-Qazax avtomobil yolunun Hacıqabul rayonu, Navahı qəsəbəsi ərazisində yol kənarında dayanaraq Bakı şəhəri istiqamətində hərəkət edən, Tural Əliyevin (şərti ad-soyad) idarə etdiyi "Ford Transit" markalı mikroavtobusu saxladıb. Avtomobilə mindikdən sonra Hacıqabul rayonu, Atbulaq kəndi ərazisində zərərçəkmişə intim münasibət təklif edib, imtina cavabı aldıqda isə onu yumruqla vurub. Daha sonra zərərçəkmişi onun barəsində guya intim münasibətdə olması və zorlanması ilə bağlı yalan məlumatlar yayacağı və hüquq-mühafizə orqanlarına şikayət edəcəyi ilə hədələyib, bu yolla ondan 1000 manat pul tələb edib. Zərərçəkmiş qorxuya düşərək əvvəlcə üzərində olan 215 manatı, sonradan isə tanışından borc aldığı 50 manatı verərək ümumilikdə 265 manat pulu ona təqdim edib. Beləliklə, hədə-qorxu və zor tətbiq etməklə zərərçəkmişdən 265 manat pul ələ keçirib.

Bundan əlavə, 3 mart 2025-ci il tarixdə, saat 15 radələrində Bakı-Ələt-Qazax yolunun Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində hərəkətdə olan, Ruslan Kərimovun (şərti ad-soyad) idarə etdiyi "VAZ 21074" markalı avtomobili saxladıb. Avtomobilin Hacıqabul rayonu ərazisində yerləşən "Bayraq Meydanı" yaxınlığında saxlanmasını tələb edib pul istədikdə imtina cavabı aldıqdan sonra avtomobildə olan üzük və sırğaları, eləcə də zərərçəkmişin cibindən 10 manat pulu açıq şəkildə götürərək hadisə yerindən uzaqlaşıb. Bununla da ümumi dəyəri 2510 manat olan əmlakı soyğunçuluq yolu ilə ələ keçirib.

Bundan əlavə, 25 may 2025-ci il tarixdə, saat 17:25 radələrində Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində Fuad Xəlilovun (şərti ad-soyad) idarə etdiyi “Mercedes Atego” markalı yük avtomobilinə sərnişin qismində minib, avtomobilin yuxarı rəfində yerləşən dəftərin içərisində olan 3439 manatdan 1220 manatını gizli yolla götürərək oğurluq edib.

Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və 182.2.3-cü maddələri ilə ittiham elan olunub.

Cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məkəməsində hakim Xamməd Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında 1973-cü il təvəllüdlü S.Məmmədova özünü təqsirli bilərək deyib ki, həmin cinayətləri maddi ehtiyac üzündən, nəvələrinin xəstəliyi ilə əlaqədar olaraq törədib.

Məhkəmənin hökmünə əsasən, CM-nin 66.3-cü maddəsinə əsasən, yuxarıda qeyd olunan maddələr üzrə onun cəzaları qismən toplanaraq S.Məmmədova barəsində qəti olaraq 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası müəyyən edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər