Əmi siqaret almağa getməyən qardaşı oğlunu yaraladı


  • 9 Yanvar 10:17

Astarada kişi 10 yaşlı qardaşı oğluna xəsarət yetirib.

E-huquq.az-ın məlumatına görə, hadisə Astara şəhəri, Qum küçəsində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Anar İsmayılov (şərti ad-soyad) qardaşı oğlu, 2015-ci il təvəllüdlü Kənan İsmayılovla (şərti ad-soyad) mübahisə edib. Mübahisə zamanı A.İsmayılov əlində olan fincanı qəsdən Kənana şəxsə atıb. Nəticədə azyaşlının sol çiyin nahiyəsində və sol üz nahiyəsində sıyrıq və qançır əmələ gəlib.

Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə Astara Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında A.İsmayılov bildirib ki, hadisə baş verən zaman əlindəki fincanı qardaşına tərəf atıb, fincan divara dəyərək sınıb və qırıntılar qardaşı oğluna dəyib. O, əməlindən peşman olduğunu bildirib və barəsində “Konstitusiya və Suverenlik İli” ilə bağlı amnistiya tətbiq edilərək cinayət təqibinə xitam verilməsini xahiş edib.

K.İsmayıov isə deyib ki, hadisə günü əmisi spirtli içki qəbul etmiş halda onların evinə gəlib. Bir müddət sonra əmisi ondan marketə gedib siqaret almasını xahiş edib, lakin yaşı az olduğu üçün bu xahişi yerinə yetirməyib. Bu zaman əmisi əsəbiləşərək əlindəki fincanı onun üzərinə atıb. Fincan qapıya dəyərək sınıb və qırıntılar onun sol çiyninə və üzünün sol tərəfinə dəyib.

Məhkəmənin qərarına əsasən, A.İsmayılov barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilərək cinayət təqibinə xitam verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər