Dələduzluqda təqsirləndirilən qadın azadlığa buraxıldı


  • 9 Yanvar 12:14

Bakıda 49 yaşlı qadın özünü nüfuzlu və işgüzar şəxs kimi təqdim edərək bir neçə şəxsə qarşı dələduzluq edib.

E-huquq.az-ın məlumatına görə, Sevda Kərimova (şərti ad-soyad) tanışı Qurban Babayevə arvadının əlillik müddətinin artırılması üçün kömək edəcəyini vəd edərək onu aldadıb. O, zərərçəkmiş şəxsdən 2500 manat pul alıb, lakin heç bir kömək etməyib və 2500 manat məbləğində ziyan vurub.

Daha sonra tanışı Gülər Salmanovaya "Gənclər və Əlillər Birliyi"ndə tibb bacısı kimi işə qəbul olunmasına kömək edəcəyini bildirərək ondan 5500 manat pul alıb.

Bundan başqa, tanışı Cəmilə Məmmədovanın gəlininin Bakı şəhərindəki orta məktəblərdən birinə müəllim kimi işə düzəlməyə kömək edəcəyini yalan deyərək aldadıb. O, bir neçə dəfə hissə-hissə olaraq ümumilikdə 17000 manat məbləğində pul alıb.

Eyni zamanda, tanışı Səfər Hacıyevə övladının həqiqi hərbi xidmətə növbəti çağırışdan möhlət almaq üçün kömək edəcəyini yalan vəd edib və onun 7000 manat pulunu ələ keçirib.

Daxil olmuş şikayətlər əsasında, S.Kərimova saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.

Məhkəmə onun təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə vurduğu ziyanın ödənilməsini, zərərçəkmiş şəxslərin şikayət və tələblərinin olmamasını, ilk dəfə olaraq cinayət törətməsini nəzərə alaraq, 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edib. S.Kərimova məhkəmə iclası zalında həbsdən azad edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər