Ofisiant işlədiyi restorandan oğurluq etdi: "Bakıya gedib pulları xərclədim"


  • 12:04

Şamaxıda 16 yaşlı oğlan restorandan oğurluq edib.

E-huquq.az-ın məlumatına görə, Şamaxı rayonu, Məlhəm kəndində yerləşən “Məlhəm” restoranından 1600 manat nağd pul oğurlanıb.

Məlum olub ki, oğurluq hadisəsi həmin restoranda ofisiant köməkçisi işləyən 2009-cu il təvəllüdlü Eltac Kərimov (şərti ad-soyad) tərəfindən törədilib. Onun barəsində Cnayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət ii başlanılıb.

Cinayət işi üzrə Şamaxı Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında E.Kərimov bildirib ki, ailəsi ilə birlikdə Şamaxı şəhərində yaşayır. 2024-cü ilin dekabrından restoranın ofisiant köməkçisi kimi işləyib. 05 mart 2025-ci il tarixdə, günorta saatlarında kassa otağında heç kimin olmadığını görüb və oradakı pulları götürməyə qərar verib. Seyfin açıq olduğunu görüb içini yoxlayıb, sonra seyfi bağlayıb. Ətrafda heç kim olmadığına əmin olduqdan sonra masanın altındakı çəkməcədən pulu götürərək gödəkçəsinin cibinə qoyub. Seyfdən də pulu cibinə qoyub, daha sonra restoranın həyətinə çıxıb. Həyətdə götürdüyü pulu sayıb və ümumilikdə 385 manat olduğunu müəyyən edib. Daha sonra tanımadığı bir taksi ilə Şamaxıdan Bakıya gedib və 385 manatı xərcləyib.

Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmiş şəxsə dəymiş ziyanı dərhal ödəyə bilər, lakin zərərçəkmiş bunu qəbul etmir. O, əslində 1600 manat yox, yalnız 385 manat götürüb.

Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs qeyd edib ki, 2024-cü ilin avqustundan Şamaxı rayonu, Məlhəm kəndində yerləşən “Məlhəm” restoranını icarəyə götürərək işlətməyə başlayıb. Təxminən bir ay əvvəl Telman Kərimov (şərti ad-soyad) adlı şəxs onun restorana gələrək, oğlunun orada ofisiant kimi işləməsini xahiş edib. Eltacın 18 yaşı tamam olmadığı üçün o, Eltacı rəsmi işə götürməyib, amma arada restorana gəlib-getməsinə icazə verib ki, iş mühitinə uyğunlaşsın. Daha sonra rəsmi işə götürülməsi planlaşdırılıb. Zərərçəkmiş şəxs bildirib ki, restoranda 1500 manat xırda pul seyfdə saxlanılıb ki, müştərilərin ödədiyi pulu dəyişmək və qaytarmaq mümkün olsun. Kassir seyfi yoxlayanda 1500 manatın və əlavə təxminən 100 manatın itdiyini görüb. Müşahidə kameralarına baxıldıqda Eltacın kassanın ətrafında gəzdikdən sonra heç kimin olmadığını görərək seyfi və siyirtməni açıb oradakı pulları götürərək restorandan çıxdığı məlum olub. Ümumilikdə 1600 manat oğurlanmışdır (seyfdən 1500 manat, siyirtmədən 100 manat). Təqsirləndirilən şəxs və atası oğurlanmış pullardan 385 manatını qaytarmağı təklif edib, lakin o, bunu qəbul etməyib.

Məhkəmənin hökmünə əsasən, E.Kərimov 1 il 4 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər