- 15:37
Sələmçini qətlə yetirməkdə təqsirləndirilən Elçin Vəliyevin cinayət işi üzrə məhkəmənin ilkin baxış iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Sonra dövlət ittihamçısı ittiham aktını elan edib.
Elçin Vəliyev elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib.
O, ifadəsində Təravət Cəfərxanovadan faizə borc pul götürdüyünü bildirib: “Borcları vaxtında ödəyirdim. 7-8 il olardı ki, mən ondan pul götürürdüm. 2025-ci ildən ödənişi gecikdirirdim. Təxminən 7500 manat pul götürmüşəm ondan. 15-20 faizə. Bıçaq həmişə cibimdə olur. Dişlərim protez olduğu üçün nəsə yeyəndə doğraya bilmək üçün mətbəx bıçağı gəzdirirəm. Borcu gecikdirdiyimə görə məni təhqir etdiyi, söydüyü üçün onun evinə getdim. “Siz “yerazlar” ermənidən dönməzsiz” ifadəsinə görə onu ağzından vuracaqdım. Sonra ard-arda onu vurdum. Ona xəsarət yetirəndə pulu daha istəmədiyini deyirdi, mən isə pula görə yox, söyüşlərə görə onu vurduğumu dedim. Mən 3-4 zərbə vurduğumu bilirdim, amma sonra bildim ki, bıçaq zərbələri daha çoxdu. Mən təslim olmağa özüm getmişdim. Mənə deyirdi ki, səni rüsvay edəcəm. Təravət xanımın qızı ilə qeyri-rəsmi nigahım olub və 1 övladımız var”.
Zərərçəkmiş şəxsin hüquqi varisi Habil Quliyev sərbəst ifadəsində bildirib ki, mərhumun oğludur, təqsirləndirilən onun bacısı ilə qeyri-rəsmi ailəli olub və övladları var: “Anam təxminən 5 il idi ki, faizə pul vermirdi, pensiya ilə dolanırdı. Anama yalvardılar, anam da faizə pul verdi onlara. Anam bütün “yerazlara” heç nə deməyib. O, sırf anamı öldürməyə gəlmişdi ki, canını qurtarsın. Hadisədən 2 ay sonra vəfat edib anam. Bıçaqlandığını işdə bilmişdim. Təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini istəyirəm. Mən Elçinlə əvvəllər bir işləmişəm, mənim yanımda da narkotik istifadə edirdi. O piyan olub öz bibisi qızını zorlayan sonra da alan adamdır. Onun çöldəki itə də borcu var. Öz qardaşına belə 8 min atıb”.
Daha sonra hadisə yerinin görüntüləri nümayiş etdirilib. Videodan təqsirləndirilən şəxslə mərhumun mübahisə etdiyi, daha sonra isə təqsirləndirilənin mərhuma çoxsaylı bıçaq zərbələri endirdiyi ayın şəkildə görülür. Mərhum T. Cəfərxanova qan içində E.Cəfərova bunu etməməsini yalvararaq pulu istəmədiyi də dediyi aydın eşidilir.
Məhkəmənin növbəti iclası 2 fevral tarixinə təyin edilib.
Qeyd edək ki, hadisə 5 sentyabr 2025-ci ildə baş verib. 1969-cu il təvəllüdlü E.Vəliyev Təravət Cəfərxanovaya 23 bıçaq zərbəsi endirərək onu qətlə yetirib. Məlum olub ki, T.Cəfərova sələmçi olub, E.Vəliyev isə ondan sələmə pul götürüb.
E.Vəliyevə Cinayət Məcəlləsinin 120.2.4- cü maddəsi (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.5-ci maddəsi (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə) üzrə cinayət işi açılıb.
Humay Eminqızı