- 15:45
Bakıda oğurluqda təqsirləndirilən Həsən Hüseynovun (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Nizami Rayon Məhkəməsində hakim Emin Axundovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, H.Hüseynov 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İttihama görə, H.Hüseynov Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən bir bankomatın qarşısına gələrək həmin vaxt həmin bankomatda pul çıxarmaq istəyən zərərçəkmişin əməliyyatını başa çatdırmadan oradan uzaqlaşdığını görüb. Bankomatın ekranında əməliyyatın açıq olduğu və 490 manat pul olduğu nəzərə çarpıb. O, elektron məlumat daşıyıcısını istifadə edərək həmin 490 manatı bankomatdan çıxarıb, nağdlaşdıraraq gizli şəkildə oğurlayıb.
Təqsirləndirilən şəxs deyib ki, oğurladığı pulu dərman almaq üçün xərcləyib. O, əməlindən çox peşman olduğunu və xəcalət çəkdiyini bildirib. Bu əməli pulu ehtiyacı olduğu üçün törətdiyini qeyd edib.
Şəbnəm Mehdizadə