- 17:59
Bakıda özünü vəkil kimi təqdim edərək dələduzluq etməkdə təqsirləndirilən şəxs məhkəmə iclas zalından azadlığa buraxılıb.
E-huquq.az-ın məlumatına görə, 1990-cı il təvəllüdlü Fuad Cəlilov (şərti ad-soyad) Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olmadığı halda özünü tanışı Nəzrin adlı şəxsə vəkil kimi təqdim edərək sonuncunun övladı üçün Yasamal rayonu ərazisində Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən mənzil alınması, dövlət hesabına avtomobil verilməsi, nəvələrinin özəl bağçaya qeydiyyata alınaraq ödənişdən azad olunması və müxtəlif hüquqi xidmət göstərilməsi barədə yalan vədlər verib. Bütün bunlar qarşılığında Nəzrindən ümumilikdə 9 850 manat pul alıb və verdiyi vədlərə əməl etməyib.
Zərərçəkmiş F.Cəlilovla bağlı polisə şikayət ərizəsi ilə müraciət edib. O, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub, barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə Nəsimi Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında F.Cəlilova hökm oxunub. Hökmə əsasən, O, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə törədilmiş cinayət əməlində təqsirli bilinib və ona 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Bakı Apellyasiya Məhkəməsinin 4 avqust 2025-ci il tarixli qərarı ilə əvvəlki 2 il 9 ay azadlığın məhdudlaşdırılması cəzası, hazırkı hökm ilə təyin edilən 2 illik cəza ilə qismən toplanmaqla ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.
Məhkəməyə qədər və hazırkı iş üzrə həbsdə və digər nəzarət tədbirlərində keçirtdiyi 23 gün müddət, bir günə iki gün hesablanmaqla 1 ay 16 gün, Apellyasiya Məhkəməsinin qərarı ilə çəkilmiş 2 ay 7 gün, ümumilikdə 3 ay 23 gün cəza təyin olunan müddətdən çıxılıb. Nəticədə, onun üzərində 2 il 8 ay 7 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb. Təqsirləndirilən şəxs barəsində əvvəlki həbs qətimkan tədbiri ləğv edilərək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib və o, dərhal məhkəmə zalından azad edilib.
Şəbnəm Mehdizadə