Yeni Klinikanın həkim-mama-ginekoloqu hakim qarşısında


  • 16:39

Yeni Klinikada əməliyyat zamanı texniki qüsur nəticəsində xəstənin ölümündə təqsirləndirilən həkim Sevinc Məmmədovanın məhkəməsi başlayıb.

E-huquq.az xəbər verir ki, Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Lakin təqsirləndirilən şəxsin vəkilinin xahişinə əsasən hazırlıq iclası təxirə salınıb.

Məhkəmənin hazırlıq iclası 21 yanvar tarixinə təyin edilib.

Qeyd edək ki, Nizami rayon prokurorluğunun məlumatına əsasən, Günay Məmmədovanı ötən il mayın 18-də Yeni Klinikanın Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzinin Ginekologiya şöbəsində həkim-mama-ginekoloq işləyən Sevinc Məmmədova cərrahiyyə əməliyyatı edib.

Daha sonra Günay Məmmədovanın bu əməliyyat nəticəsində ölməsi faktı üzrə Bakı şəhəri Nizami rayon prokurorluğunda araşdırma aparılıb. Həmçinin faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla Sevinc Məmmədovanın ötən il mayın 6-da Yeni Klinikada Günay Məmmədovanın üzərində icra etdiyi cərrahiyyə əməliyyatı zamanı texniki qüsur törətdiyi və qanaxmanın mənbəyini aradan qaldırmaq üçün cərrahi müdaxiləni gecikdirdiyi müəyyən olunub. Nəticədə Günay Məmmədova mayın 18-də klinikada ölüb.

Sevinc Məmmədova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib, barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə əsas, məhkəmənin qərarı ilə isə vəzifədən kənarlaşdırılma növündə əlavə qətimkan tədbirləri seçilib.

Humay Eminqızı

Oxşar xəbərlər