Məhkəmə direktorun şikayətini təmin etdi - Cərimə qərarı ləğv olundu


  • 12:23

İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının pozulmasına görə cərimə olunan Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziyanın direktoru Nizami Əhmədov barəsindəki qərardan apellyasiya şikayəti verib.

E-huquq.az-ın məlumatına görə, N.Əhmədov apellyasiya şikayətində bildirib ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) Abşeron-Xızı regional şöbəsi İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən, onu 1000 manat cərimə ilə cəzalandırıb.

O, qərarın ləğvini və iş üzrə icraata xitam verilməsini xahiş edib. Şikayətində qeyd edib ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziyasının direktoru vəzifəsində çalışır. 2025-ci ildə gimnaziyanın inzibati binasında baş vermiş hadisə nəticəsində tavandan suvaq hissəsi qopub yerə düşüb. Bu zaman o, baş, boyun və əl nahiyyələrindən ciddi xəsarətlər alıb. Hadisə zamanı gimnaziyanın fiziki tərbiyə müəllimi də xəsarət alıb. Hadisə baş verdikdən sonra, N.Əhmədov özündə olmayıb və dərhal təcili tibbi yardıma və aidiyyatı orqanlara məlumat verilib. Sonradan, hadisə haqqında aidiyyəti quruma da məlumat verib.

N.Əhmədov hadisə nəticəsində özünün də xəsarət aldığını, bu səbəbdən bir gün sonra məlumat verdiyini və onun əməlində qəsd və inzibati xətanın tərkib əlamətlərinin olmadığını bildirib. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsaslanaraq, yalnız inzibati xətanın tərkibinin tam olması ilə cəzalandırma mümkün olduğunu vurğulayıb. O, hadisə haqqında məlumat verməkdə qəsdli şəkildə yayınmadığını, təcili tibbi yardıma və DİN-ə dərhal məlumat verdiyini qeyd edib. Həmçinin hadisə baş verdiyi gün özü də xəsarət aldığına görə məlumat verə bilməyib, amma bu, onun məlumat verməkdən yayınması demək deyil.

Sumqayıt Şəhər Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli qərarı ilə N.Əhmədovun şikayəti təmin edilməyib və DƏMX Abşeron-Xızı regional şöbəsinin qərarı qüvvədə saxlanılıb.

N.Əhmədov bu qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini tələb edib. O bildirib ki, əməlində qəsd və inzibati xətanın heç bir əlaməti yoxdur. Məlumatı gec verməsinin səbəbi hadisə nəticəsində aldığı xəsarətlərdir.

Sumqayıt Apellyasiya Məhkəməsində hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə apellyasiya şikayətinə baxılıb.

Məhkəmənin qərarına əsasən, apellyasiya şikayəti təmin edilib.

Sumqayıt Şəhər Məhkəməsinin qərarı ləğv edilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DƏMX Abşeron-Xızı regional şöbəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilib. N.Əhmədov barəsində Azərbaycan Respublikası İXM-nin 555.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər