Xuliqanlıqda təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxıldı


  • 11:00

Xuliqanlıqda təqsirləndirilən Fərid Quliyevin (şərti ad-soyad) barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

E-huquq.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilsin. F.Quliyevin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hökmü ləğv edilib. Onun əməli CM-nin 221.3-cü maddəsindən 128-ci maddəsinə tövsif edilib. CM-nin 73.2-ci maddəsinə müvafiq olaraq F.Quliyev CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə və cinayət işinin icraatına xitam verilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və məhkəmə iclas zalında dərhal həbsdən azad edilib.

İttiham aktına əsasən, F.Quliyev “Saipa” markalı avtomobildə olarkən tanışı olan Cavidi görüb. Aralarında əvvəldən mövcud olan sözlü mübahisə ilə əlaqədar olaraq onu avtomobilə dəvət edib. Cavid avtomobilə əyləşdikdən sonra Fərid onu nalayiq ifadələrlə təhqir edib, ictimai qaydanı qəsdən pozub və cəmiyyətə açıq hörmətsizlik göstərib. Daha sonra zor tətbiq edərək Cavidin sifət nahiyəsinə bir dəfə yumruqla vurub və ona fiziki ağrı yetirib. Bundan əlavə, üzərində olan bıçaqla Cavidin sağ bud nahiyəsindən bir dəfə qəsdən zərbə endirib. Hadisədən sonra Cavid avtomobildən düşərək qaçmaq istədiyi zaman münaqişənin qarşısını almaq üçün müdaxilə edən Rüfət adlı şəxsə qarşı da zor tətbiq edib. Bıçaqla Rüfətin sol əlindən bir dəfə qəsdən vurub. Nəsimi Rayon Məhkəməsinin hökmü ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər