Arvadına mesaj yazan şəxsi evə gətirib başına oyun açdı - MƏHKƏMƏ


  • 11:01

Lənkəranda arvadının iş yoldaşına əzab verməkdə və onu ölümlə hədələməkdə təqsirləndirilən Tərlan Babayev və onun dostu Rizvan Əliyevin (ad və soyadlar şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Lənkəran Rayon Məhkəməsində hakim Elvin Ələsgərovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, hər iki şəxs Cinayət Məcəlləsinin 133.2.3-cü maddəsi ilə təqsirli bilinib və CM-nin 62-ci maddəsi tətbiq edilməklə 1 il müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, T.Babayev arvadının mobil telefonunda “WhatsApp” proqramı vasitəsilə Cəlal adlı şəxsin onun arvadına göndərdiyi və “niyə cavab vermirsən” məzmunlu səsli mesajı oxuyub. Bundan sonra həmin şəxsin onun arvadı ilə qeyri-rəsmi münasibətdə olmasından şübhələnib.

Daha sonra yaxın dostu Rizvana zəng edərək Cəlalın arvadına dəfələrlə sataşdığını bildirib və birlikdə onu cəzalandırmaq barədə razılığa gəliblər. Qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət edərək, əvvəlcə Tərlan Cəlalı iş yerinin qarşısından avtomobilinə mindirib, ona bir nəfəri göstərəcəyini deməklə aldadaraq Lənkəran şəhəri, Füzuli küçəsində yerləşən avtomobil təmiri sexinin qarşısına gətirib. Orada onları gözləyən Rizvan da avtomobilə mindirilib, birlikdə saat 14 radələrində Tərlanın yaşadığı evə gediblər.

Tərlan arvadını göstərərək Cəlalı onun qeyrətinə sataşmaqda ittiham edib. Bundan sonra Tərlan və Rizvan birlikdə təxminən 10-15 dəqiqə ərzində Cəlalı nalayiq ifadələrlə təhqir edib, onu yerə yıxaraq yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə vurmaqla fiziki ağrı yetiriblər. Cəlala qarşı insan ləyaqətini təhqir edən, ciddi fiziki ağrılara və ağır psixoloji iztirablara səbəb olan zorakılıq əməlləri həyata keçirilib. Bundan başqa, Tərlan zərərçəkmişi balta ilə öldürməklə hədələyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər