- 16:52
Sabunçu rayonu 21 saylı Birləşmiş şəhər Xəstəxanasının həbsdə olan keçmiş baş həkimi Rauf İsfəndiyarovun köməkçisi Məhərrəm Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə müğənni Dəniz Əsədova ifadə verib.
O bildirib ki, Məhərrəm Məhərrəmovu Bəxtiyar adlı şəxsin vasitəsilə tanıyıb: "Məhərrəm Məhərrəmov və Əfsanə Məmmədov mənim işim üzrə ifadə veriblər ki, guya əlillik dərəcəsi düzəldilməsi üçün pul almışam. Amma həmin pulu Mehparə Kazımova alıb. Mən Məhərrəm Məhərrəmovu tanımamışam. Onun əlillik dərəcəsi düzəltməyi ilə bağlı məlumatın yoxdur".
İbtidai istintaq zamanı D. Əsədovanın verdiyi ifadə elan edilib. Həmin ifadəsində göstərib ki, əlillik dərəcəsi düzəldilməsi üçün pulları alıb və Rauf İsfəndiyarova çatdırıb.
Dəniz Əsədova həmin ifadəsini təsdiqləməyib.
Məhkəmənin növbəti iclası 18 fevral tarixinə təyin edilib.
Qeyd edək ki, Sabunçu rayonu 21 saylı Birləşmiş şəhər Xəstəxanasının həbsdə olan keçmiş baş həkimi Rauf İsfəndiyarovun köməkçisi Məhərrəm Məhərrəmov cinayət məsuliyyətinə cəlb edilib.
Məhərrəm Məhərrəmov Rauf İsfəndiyarovla müştərilər arasında “körpü” yaradıb. Həmin adamlar da əlillik dərəcəsi, sosial müavinət və sair almaq üçün Məhərrəmin köməkliyi ilə baş həkimə rüşvət veriblər.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən M.Məhərrəmova Cinayət Məcələsinin 32.5, 311.3.3 (külli miqdarda rüşvət almağa ömək etmə) və digər maddələri ilə ittiham verilib. Onun barəsində məhkəməyə qədər həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Humay Eminqızı