- 21 Yanvar 18:19
Astara rayonunda arvadı ilə kobud rəftar edən həmkəndlisinin burnunu qıran və digər xəsarətlər yetirən Orxan Əliyevin (şərti ad-soyad) cinayət işinə baxılıb.
E-huquq.az xəbər verir ki, Astara Rayon Məhkəməsində hakim İlqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, O.Əliyev aptekdə işləyən arvadı Vəfaya qarşı kobudluq edən Xalidin üzərinə “Rahat” marketdə hücum edərək onun burnunu sındırıb və digər xəsarətlər yetirib.
O.Əliyev məhkəmədə ifadəsində deyib ki, Xaliq onun həmkəndlisidir, həmçinin ögey bacılarının əmisi oğludur. Onun sözlərinə görə, Xalid arvadı Vəfanın işlədiyi aptekdən dərman alan zaman olunla kobud rəftar edib, aldığı dərmanın pulunu üstünə çırpıb.
Orxan Xaliddən arvadı ilə niyə kobud rəftar etdiyini soruşduqda ona “sən kimsən, haranın küçüyüsən ki, məndən belə söz soruşursan” deyə cavab verib. Bu səbəbdən onların arasında dava başlayıb.
Xalid isə ifadəsində deyilənləri inkar edib. O, təqsirləndirilən şəxsin həyat yoldaşına qarşı kobud rəftar etmədiyini bildirib. O deyib ki, hazırda təqsirləndirilən şəxslə barışıb və ondan şikayətçi deyil. Orxan ilə qohum olduqları üçün barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edib.
Məhkəmənin qərarı ilə O.Əliyev Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirli bilinib və 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına (elektron qolbaq) məhkum edilib.
Humay Eminqızı