- 16:15
Göyçayda səhlənkarlıq nəticəsində azyaşlının ölümünə səbəb olmaqda təqsirləndirilən Göyçay Rayon Mərkəzi Xəstəxanasının həkimi Elza Həsənova cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az xəbər verir ki, Göyçay Rayon Məhkəməsində hakim Gülnaz Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, E.Həsənova AR Cinayət Məcəlləsinin 142.4-cü maddəsi üzrə təqsirli bilinərək barəsində 2 il müddətinə həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququ məhdudlaşdırılmaqla 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
İttihama görə, Elza Həsənova növbətçi həkim kimi xidmətdə olduğu müddətdə ona həvalə olunmuş vəzifə öhdəliklərini vaxtında və keyfiyyətli həyata keçirməyərək 2014-cü il təvəllüdlü Rəsul Əliyevin səhhətinin ağırlaşmasına səbəb olan patologiyanın vaxtında aşkar edilməsi üçün onu müayinə və müalicə etməyib. Daha sonra qismən düzgün olan “kəskin respirator infeksiya, naməlum etiologiya anemiya” diaqnozu qoymaqla təxliyyə edilməsinə qərar verib, nəticədə zərərçəkmiş şəxs müayinə və müalicələrə tabe olmayan həddə ağırlaşmaqla təxliyyə edildiyi Bakı şəhərində yerləşən Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının PHŞ-nin nəzdində Respublika Klinik uşaq xəstəxanasının reanimasiya şöbəsində ehtiyatsızlıqdan ağciyərlərin ikitərəfli diffuz hemorragik pnevmoniyası nəticəsində inkişaf etmiş kəskin tənəffüs çatışmazlığımdan ölməsinə səbəb olan səhlənkarlıq edib.
E.Həsənova elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini hətta əksinə uşağın həyatını xilas etmək məqsədi ilə onun Bakı şəhərinə təxliyyə qərarının verilməsi üçün başqa həkimlərlə də məsləhət etdiyini bildirib.
Rəsul Əliyevin atasının ifadəsinə görə, oğlu anası ilə Bakıda olarkən məktəbdən evə gələn zaman ayağı sürüşərək yıxılıb. Bədən hərarətinin yüksəlməsi səbəbindən Suraxanı rayonunda yerləşən 16 saylı Uşaq Poliklinikasına aparılıb. Rəsulu müayinə edən Nuriyyə adlı həkim simptomların uşaqlarda yayılmış virusun əlamətləri olduğunu, ciddi problem olmadığını bildirib, lakin hər ehtimala qarşı uşağın həkim nəzarəti altında müalicə edilməsi üçün xəstəxanada stasionar müalicəyə yerləşdirməyi təklif edib. Ciddi problemin olmadığına görə Rəsul evə gətirilib. Daha sonra onlar “Nar Festivalı” ilə əlaqədar Göyçay rayonuna gəliblər. Övladının yeriməkdə çətinlik çəkdiyini görən ana qonşunun avtomobili ilə Rəsulu Göyçay RMX-na aparıb. Orada travmatoloq Elman həkim Rəsulun ayağını müayinə edib, sonra hər ehtimala qarşı uşağın ayağı rentgen müayinəsi edilib. Cərrah Şaban həkimin tövsiyyəsinə əsasən Rəsulun qarın boşluğunu USM müayinə edilib, müayinə zamanı həkim Rəsulun qarın boşluğunda problem olmadığını, yalnız sidik kisəsində qanlı maye olduğunu deyib. Rəsula Namiq həkimin nəzarəti altında bədən hərarətinin aşağı salınması üçün sistem qoşulub. Növbəni təhvil alan Elza həkim uşağı evə və ya Bakıya aparmağı məsləhət görərək bildirib ki, xəstə sayı çoxdur. Onun məsləhəti ilə uşaq evə aparıldıqdan sonra halı kəskin pisləşib, təcili yardım maşını ilə yenidən xəstəxanaya aparılır. Xəstəxanada qəbul otağında heç kimin olmadığı məlum olub. Bir müddət sonra növbətçi həkim Elza həkim gəlib. Təxminən yarım saat müddətində xəstənin heç bir müayinəsi aparılmayıb. Valideyinlər 2 dəfə TƏBİB-in qaynar xəttinə zəng etdikdən sonra uşaq müayinə edilib və Bakıya göndərilmə qərarı alınıb. Respublika Klinik Xəstəxanasına çatdıqda Rəsulun vəziyyəti lap ağırlaşıb, huşunu itirib. Xəstəxanada müayinə və müalicələr edilməsinə baxmayaraq bioloji ölüm baş verib.
Humay Eminqızı