Vətəndaşları şantaj etməkdə təqsirləndirilən sələmçi qadına cəza istənildi


  • 12:11

Almaniyada yaşayan və özünü bloqer kimi təqdim edən Qabil Məmmədov vasitəsilə zərərçəkmişlərə hədə-qorxu gələrək onların pulunu ələ keçirməkdə ittiham olunan Qönçə Məmmədovanın cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O Q.Məmmədovanın 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Vəkil çıxış üçün vaxt istəyib.

Məhkəmənin növbəti iclası 16 mart tarixinə təyin edilib.

Xatırladaq ki, 55 yaşlı Qönçə Məmmədova qanunsuz olaraq vətəndaşlara sələm verərək göstərdiyi xidmət qarşılığında müştərilərindən faiz alıb.

Q.Məmmədovanın 13 nəfərə 92 760 min manat pulu sələmə verdiyi məlum olub. O da məlum olub ki, qadın hesabladığı faizlərlə birlikdə borclulardan əlavə 51 675 manat pul alıb. Qadının bu və digər əməllərinin üstü, onun müştərilərindən ikisini şantaj etdikdən sonra açılıb.

İstintaq materiallarında qeyd edilib ki, Q.Məmmədova ondan pul götürən Gülayə Quliyeva və Fəridə Fərzəliyevaya borclarından əlavə pul hesablayıb. Zərərçəkmiş şəxslər sələmçinin tələbləri ilə razılaşmadıqda isə şantaj olunublar.

Təqsirləndirilən şəxs həmcinslərini şantaj etmək üçün maraqlı yola əl atıb. O, zərərçəkmişləri üçüncü şəxs vasitəsilə tanıdığı, hazırda Almaniyada yaşayan bloqer Qabil Məmmədovla hədələyib.

Zərərçəkmiş qadınlar şikayətlərində yazıblar ki, Qönçə Məmmədova onlara "YouTube" və digər sosial şəbəkələrdə Qabil Məmmədov vasitəsilə rüsvay edəcəyini, şərəf və ləyaqətlərini alçaldacağını deyib. Onlar razılaşmadıqda isə özlərinin və qohumlarının sosial şəbəkə hesablarından toplanmış şəkil və videolar Qabilə göndərilib.

Bundan sonra sövdələşməyə əsasən, Qabil özünün sosial şəbəkə üzərindən fəaliyyət göstərən kanalında G.Quliyevanın və xalası qızının şəkillərini paylaşıb, guya onların müxtəlif cinayətlərdə iştirak etdiklərini deyib, onlar haqda rüsvayedici ifadələr işlədib.

Sələmçi qadın digər zərərçəkmişi də eyni cür şantaj edib. Digər zərərçəkmiş F.Fərzəliyevanın şikayətinə görə, Qönçə Qabili xalası oğlu kimi təqdim edib. Deyib ki, əvvəl G.Quliyeva adlı müştəri də onun dediklərinə əməl etməyib, bu səbəbdən Qabil vasitəsilə onu rüsvay edib. F.Fərzəliyeva Qabilin nalayiq sözlərindən qorxduğu üçün sələmçi qadınla razılaşmağa çalışıb. Lakin sonradan qanunsuz tələblərindən bezərək prokurorluğa şikayət etmək qərarına gəlib.

Onun barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrarən törədildikdə, 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) və 192.1 (qanunsuz sahibkarlıq, dövlətə xeyli miqdarda ziyan vurduqda habelə xeyli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Oxşar xəbərlər