Məzmuna keç

Ramin Qurbanov: “Onlayn məhkəmə proseslərinin keçirilməsi bu gün bir çox problemləri üzə çıxarır”

"Onlayn məhkəmə proseslərinin keçirilməsi bir çox problemləri bu gün üzə çıxarır. Beynəlxalq təcrübə onu göstərir ki, bu gün məhkəmə proseslərinin tətbiqi zamanı ənənəvi davranış qaydalarına da yenidən baxılmalıdır".

E-huquq.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusunda keçirdiyi videokonfransda Yasamal Rayon Məhkəməsinin hakimi, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Ramin Qurbanov deyib.

Onun sözlərinə görə, bununla əlaqədar Avropa Şurasında qeyd olunan komissiyanın nəzdində fəaliyyət göstərən elektron ədliyyə və süni intellekt məsələləri ilə məşğul olan ixtisaslaşmış qurumun gündəliyində onlayn məhkəmə proseslərinin keçirilməsinə dair müvafiq keyfiyyət standartlarının hazırlanması, məhkəmə işlərinin rəqəmsallaşdırılması, kağız daşıyıcılardan asılılığın azaldılması, məlumat mübadiləsinin tam elekton müstəviyə keçirilməsi və digər məsələlərə dair qaydaların hazırlanması üzrə işlər aparılır.

"Azərbaycanda cari həftə ərzində ilkin olaraq Bakı şəhərinin Yasamal, Nizami, Nərimanov rayon məhkəmələrinə yeni proqram təminatı uğurla tətbiq olunaraq məhkəmə prosesləri video-konfrans şəklində keçirildi və bəzi işlər üzrə hətta yekun məhkəmə aktları çıxarıldı. Bu, vətəndaşların məhkəməyə və dövlətə inamının artırılmasına xidmət etdi" – deyə, CEPEJ prezidenti qeyd edib.