Məzmuna keç

Azərbaycanda onlayn məhkəmə proseslərinin keçirilməsi üçün qabaqcıl ölkələrin təcrübəsi öyrənilib

"Ədliyyə Nazirliyi tərəfindən çox geniş işlər görülüb və bu işlər nəinki ədliyyə, eyni zamanda məhkəmə sahəsini də əhatə edib. Qeyd olunmalıdır ki, bir çox dövlət idarələrində olduğu kimi, məhkəmələrdə də işlərə onlayn qaydada baxılması imkanının nəzərdən keçirilməsinə başlanılıb".

E-huquq.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusunda keçirdiyi videokonfransda Yasamal Rayon Məhkəməsinin hakimi, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Ramin Qurbanov deyib.

R. Qurbanov bildirib ki, digər qurumlardan fərqli olaraq, məhkəmə işinin xüsusiyyəti, yəni, proses iştirakçılarının şəxsi məlumatlarının, məhkəmə işlərində olan digər məlumatların qorunması zərurəti nəzərə alınaraq, açıq istifadədə olan müxtəlif video-konfrans sistemlərindən məhkəmələrdə istifadə edilməsi məqsədəuyğun hesab olunmayıb.

"Bununla əlaqədar olaraq, hakim, məhkəmə aparatı işçiləri, Ədliyyə Nazirliyinin elektron məhkəmə işçi qrupunun əməkdaşları və digər aidiyyatı mütəxəssisləri tərəfindən onlayn məhkəmə proseslərinin keçirilməsi imkanının yaradılması üçün qısa müddətdə bir sıra ölkələrin, məsələn, ABŞ, Sinqapur, Avstriya, Estoniya, İspaniya, Litvanın təcrübəsi öyrənilib. Müsbət haldır ki, bu sistemin yaradılmasında məhz yerli şirkətin xidmətlərindən də istifadə olunub. Qeyd etmək lazımdır ki, bu növ imkanın yaradılmasına dair tələb hələ 2014-cü ildə 13 fevral tarixli sərəncamda ölkə başçısı tərəfindən irəli sürülüb.

Növbəti 18 dekabr 2018-ci il tarixli Mülki Prosesual Məcəlləyə edilmiş dəyişikliklər nəticəsində məhz mülki və kommersiya işləri üzrə onlayn məhkəmə proseslərinin keçirilməsi üçün hüquqi zəmin yaradılıb".