"Bildiyiniz kimi, hazırda dünyanın bir çox ölkəsində COVİD-19 pandemiyası ilə ciddi mübarizə aparılır. Azərbaycanda da dövlət başçısının rəhbərliyi ilə bu virusun yayılmasının qarşısını almaq məqsədilə genişmiqyaslı tədbirlər görülür və əməli nəticələr əldə olunmaqdadır. Təqdirəlayiq haldır ki, bu sahədə vaxtında və düzgün görülmüş mütərəqqi qabaqlayıcı tədbirlər nəticəsində başqa ölkələrlə, məsələn, Fransa, İtaliya, İspaniya ilə müqayisədə ölkəmizdə bu virusa yoluxanların və vəfat edənlərin sayı xeyli azdır. Həmin mübarizə çərçivəsində məhkəmələr də məhdudlaşdırılmış iş rejiminə keçirilib və yalnız təxirə salına bilməyən, əsasən cinayət işləri və inzibati xətalara dair işlər üzrə həbslə bağlı işlərə baxılmaqdadır".
E-huquq.az-ın məlumatına görə, bunu Ədliyyə Nazirliyinin onlayn mətbuat konfransında Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti, Yasamal rayon Məhkəməsinin hakimi Ramin Qurbanov deyib.
O xatırladıb ki, pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həmçinin Ali Məhkəmə Plenumu da müvafiq qərarlarında bütün məhkəmə icraatlarında olan işlərə, yəni təxirə salınmış qaydada baxılmalı olan, yaxud məhkəmə baxışından keçirilməsini tələb etməyən işlər istisna olmaqla, baxılmasını müvəqqəti olaraq təxirə salınması və yalnız mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatına məhz elektron məhkəmə informasiya sisteminin imkanlarından istifadə edilməklə tətbiqini tövsiyə edib.
Onun sözlərinə görə, dövlət başçısının 3 aprel 2019-cu il tarixli Fərmanında verdiyi tapşırıqların icrası məqsədilə Ədliyyə Nazirliyi tərəfindən elektron məhkəmənin yeni bir modulu, yeni bir funksionallığı qısa müddət ərzində yaradılıb və vətəndaşların istifadəsinə verilib: "Araşdırma zamanı sistem vasitəsilə ötürülən bu məlumatların təhlükəsizliyinin beynəlxalq təcrübədə necə təmin edilməsinə xüsusi diqqət yetirilib. Bir sıra dövlətlərdən fərqli olaraq, Azərbaycanda vətəndaşların fərdi məlumatlarının kənara sızmasının qarşısının alınması məqsədilə bütün audio və videoyazıların yüksək təhlükəsizlik standartlarına cavab verən ədliyyənin daxili infrastrukturunda saxlanılması təmin edilib. Xüsusi karantin rejimi dövründə elektron məhkəmə informasiya sistemi vasitəsilə onlayn iş prosesi tətbiq olunmaqla, vətəndaşların məhkəməyə gəlmədən məhkəmə iclaslarında kompüter və ya mobil telefon vasitəsilə iştirakı təmin edilib. İştirakçılar əvvəlcədən təyin olunmuş vaxtda prosesə məhkəmə tərəfindən elektron qaydada göndərilmiş elektron keçid üzərindən qoşula bilərlər. Bunun üçün elektron məhkəmə informasiya sistemində xüsusi proqram modul işlənilib istifadəyə verilib.
Qürurverici haldır ki, Azərbaycan ölkə başçısının möhkəm siyasi iradəsi əsasında qısa müddət ərzində elekton məhkəmə, elekton icra və digər elekton xidmətlərin yaradılmasına nail olub", – deyə CEPEJ prezidenti vurğulayıb.
