“Bugünki təyinatlar məhkəmə-hüquq sistemində aparılan islahatların tərkib hissəsidir”
Bunu e-huquq.az-a açıqlamasında deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı Milli Məclis tərəfindən Ali Məhkəmə və Bakı Apelyasiya Məhkəməsinə hakimlərin təyin edilməsinin təsdiqlənməsi haqqında məsələyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, yeni təyinatların müsbət nəticəsi özünü göstərəcək.
“Təbii ki, təqdim edilmiş və artıq Milli Məclis tərəfindən təsdiqlənmiş hakimlər cəmiyyətimizə özlərinin peşəkarlığı və eyni zamanda işinin keyfiyyəti ilə tanınan hakimlərdir. Bu təyinatlar bütün məqamlarda özünün müsbət təsirini və nəticələri göstəcək. Ümidvaram ki, təyinat alan hakimlər müasir reallığa, ölkədə aparılmış olan islahatların məntiqinə və mahiyyətinə uyğun olaraq öz işlərini quracaqlar. Rüşvətxorluqdan və korrupsiyadan uzaq olacaq, fəaliyyətlərində ədaləti, qanunun aliliyini əsas götürəcəklər. Bu təyinatlar ölkədə aparılan islahatların tərkib hissəsidir. Düşünürəm ki, bundan sonra da cənab Prezident tərəfindən lazımi addımlar atılacaq”, – deyə millət vəkili bildirib.
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında Bakı Apelyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.
