Azərbaycanlı hakim beynəlxalq elmi nüfuz göstəricisində ölkə üzrə lider oldu


  • 12:08

Nəsimi Rayon Məhkəməsinin hakimi, hüquq üzrə fəlsəfə doktoru Nail Abbasov beynəlxalq elmi qiymətləndirmə sistemlərində istifadə olunan H-indeks göstəricisinə görə, Azərbaycan hüquq alimləri arasında ən yüksək nəticəyə nail olub.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, hazırda Nail Abbasovun H-indeksi 11-dir ki, bu da onun elmi əsərlərinin dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən tədqiqatçılar tərəfindən geniş istifadə edildiyini və həmin əsərlərə çoxsaylı istinadlar verildiyini göstərir. Hüquq elmi sahəsində bu göstərici tədqiqatçının yalnız elmi məhsuldarlığını deyil, eyni zamanda onun araşdırmalarının beynəlxalq akademik mühitdə yaratdığı təsiri də əks etdirir.

Beynəlxalq elmi ictimaiyyətdə alimlərin fəaliyyətinin qiymətləndirilməsi üçün ən nüfuzlu meyarlardan biri hesab olunan H-indeks 2005-ci ildə amerikalı alim Jorge E. Hirsch tərəfindən təklif edilib. Bu göstəriciyə əsasən, tədqiqatçının H-indeksi onun ən azı həmin sayda məqaləsinin ən azı həmin sayda istinad alması əsasında müəyyən edilir.

Nail Abbasovun H-indeks göstəricisinin 11 olması onun ən azı 11 elmi əsərinin hər birinin minimum 11 dəfə və ya daha çox istinad aldığını göstərir. Bu istinadların əhəmiyyətli hissəsinin xarici ölkələrin alimləri və tədqiqatçıları tərəfindən verilməsi Azərbaycan hüquq elmi məktəbinin beynəlxalq akademik mühitdə tanınmasının göstəricisi hesab olunur.

Hakimin elmi fəaliyyətinin əsas istiqamətlərini müasir hüququn aktual problemləri, məhkəmə təcrübəsinin təhlili, insan hüquqlarının müdafiəsi və hüquqi tənzimləmənin müxtəlif aspektləri təşkil edir. Onun elmi araşdırmaları beynəlxalq elmi bazalarda indekslənən nəşrlərdə dərc olunub və müxtəlif ölkələrin alimləri tərəfindən elmi mənbə kimi istifadə edilir.

Qeyd edək ki, N. Abbasov 2023-cü ildən Nəsimi Rayon Məhkəməsinin hakimidir.

Oxşar xəbərlər