Qonşusunun evindən 17 min manatlıq cehizlik əşyaları oğurladı


  • 14:49

Masazırda 36 yaşlı kişi qonşusunun evindən 17 530 manat dəyərində oğurluq edib.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, hadisə Abşeron rayonu, Masazır kəndi, Qaçaq Nəbi küçəsində baş verib.

Belə ki, 1990-cı il tarixli Elməddin Həsənov (şərti ad-soyad) qonşusuna məxsus evdə heç kimin yaşamadığını bilərək axşam saatlarında həmin evə oğurluq etmək məqsədilə daxil olub. O, əvvəlcə daş hasardan keçərək evin həyətinə, daha sonra isə plastik qapıdan keçərək evin içərisinə qanunsuz daxil olub. Evdən cehizlik üçün alınmış və istifadə olunmamış müxtəlif əşyaları, o cümlədən ətçəkən, mikser, ütü, şirəçəkən, blender, qazan, döşək üzlükləri, qaşıq dəstləri, tava dəstləri, elektron samovarlar, tozsoranlar və generatorlar oğurlayıb. Oğurlanmış əşyaların ümumi dəyəri 17 530 manat olub.

Faktla bağlı cinayət işi açılıb. E.Cəfərova qarşı Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham irəli sürülüb.

Abşeron Rayon Məhkəməsində hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Bildirib ki, həmin vaxtlarda içki almaq üçün pulu olmadığından həmin evdən oğurluq etmək qərarına gəlib. O, cinayət əməlini sərxoş vəziyyətdə törətdiyini söyləyib. Sonda törətdiyi əməldən peşman olmasını, himayəsində azyaşlı övladının olmasını və zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməklə, barışıq əldə etdiyini, ona qarşı şikayət və tələbinin olmamasını bildirməklə məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edib.

Məhkəmənin hökmünə əsasən, E.Həsənova 3 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər