- 11:07
Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməyən hüquqi şəxslərə qarşı cinayət-hüquqi tədbirlər tətbiq ediləcək.
E-huquq.az-ın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Cinayət Məcəlləsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir.
Layihəyə əsasən, hüquqi şəxslərə cinayət-hüquqi tədbirlər həmin əməllərin törədilməsinə görə tətbiq ediləcək. Bu əməllərin törədilməsinə görə cinayət-hüquqi tədbirlər məhkəmə aktı ilə müvafiq öhdəliklərin icrası bilavasitə hüquqi şəxsin üzərinə qoyulduqda tətbiq olunacaq.