- 7 Oktyabr 12:14
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsinin zabiti vəzifəsini icra etmiş İlham Qüdrət oğlu Məmmədlinin məhkəməsi başlayır.
Bu barədə e-huquq.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, İlham Məmmədlinin qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
İbtidai istintaqla müəyyən edilib ki, İlham Məmmədli sözügedən vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar ehtiyatda olan zabit, Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində mühəndis vəzifəsində işləyən Mirhəmdulla Əmirovun təhriki ilə vəzifə səlahiyyətlərindən sui-istifadə edib.
O, sonuncunun işlədiyi mərkəzdə iş yerindən yayınmaq məqsədilə guya hərbi təlim toplanışlarında iştirak etməsinə dair saxta arayışlar tərtib etməkdə, həmin arayışları 2025-2026-cı illərdə Mirhəmdulla Əmirova təqdim edərək ona əsassız şəkildə əmək haqqı ödənilməsinə nail olmaqda şübhəli bilinib.
Toplanmış sübutlar əsasında İlham Məmmədliyə Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 341.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), Mirhəmdulla Əmirova isə həmin Məcəllənin 32.4,313 (vəzifə saxtakarlığına təhrik etmə), 32.4, 341.1 (vəzifə səlahiyyətlərindən sui-istifadəyə təhrik etmə) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barələrində istintaq orqanının qərarı əsasında polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən ittiham aktı təsdiq edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.