Məzmuna keç

Bakıda biznesmenin keçmiş həyat yoldaşı barəsində cinayət işi başlanıldı

Bakıda biznesmenin keçmiş həyat yoldaşı barəsində cinayət işi başlanıldı

Bakıda biznesmenin keçmiş həyat yoldaşı Təyminə Yusifova barəsində cinayət işi başlanılıb.

E-huquq.az-ın xəbərinə görə, onun barəsində Cinayət Məcəlləsinin 296.2-ci (bilə-bilə yalan xəbərçilik etmə, eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Məlumata görə, daha əvvəl T.Yusifovanın şikayətindən sonra "Falçı Səkinə" adlı Səkinə İsmayılova həbs edilib və o, dələduzluqda təqsirli bilinib. T.Yusifova da həmin işdə zərərçəkmiş qismində tanınıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.İsmayılova bəraət alıb. Bakı Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb.

Daha sonra S.İsmayılova T.Yusifovanı məhkəməyə verib. O, T.Yusifovanın bilə-bilə yalan xəbərçilik etmədə ittiham edir.

Cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq Nərimanov Rayon Məhkəməsinə göndərilib və hakim Samir Məmmədovun icraatına verilib. Məhkəmənin vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, T.Yusifova (daha əvvəl soy adı Abdullayeva) 2016-cı il iyunun 21-də polis əməkdaşları tərəfindən saxlanılıb, onun barəsində heç yerə getməmək bağlı iltizam tədbiri seçilib.

T.Yusifova barəsində cinayət işi keçmiş həyat yoldaşı (həmin vaxt evli olublar), biznesmen Barat Abdullayevin şikayəti əsasında başlanlıb. Belə ki, B.Abdullayev şikayətində bildirib ki, keçmiş arvadı T.Yusifova ilə birgə nikahdan olan yaşayış sahəsini satıb pulunu ələ keçirmək məqsədilə yeni şəxsiyyət vəsiqəsini saxtalaşdırmaqla əldə edib. Bundan sonra həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirərərək, ona 890 min manat məbləğində ziyan vurub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Yusifova 8 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. T.Yusifova Prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamı ilə əfv olunub.