Məzmuna keç

Məhkəmə “Koka-Kola”nın iddiası ilə bağlı qərar çıxardı

Məhkəmə “Koka-Kola”nın iddiası ilə bağlı qərar çıxardı

“Azərbaycan Koka-Kola Bottlers Limited” MMC “Tasty Fruits and Foods” MMC-ni məhkəməyə verib.

E-huquq.az xəbər verir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Koka-Kola” 2800,95 manat əsas borc, 1697,37 manat borcun gecikdirilməsinə görə, hesablanan dəbbə pulunun tutulması barədə tələb irəli sürüb.

İddia tələbi onunla əsaslandırılıb ki, “Azərbaycan Koka-Kola Bottlers LTD” MMC ilə “Tasty Fruits and Food” MMC arasında 2 iyun 2018-ci il tarixdə məhsulların alğı-satqısı müqaviləsi bağlanıb. Həmin müqavilənin şərtlərinə uyğun olaraq, “Koka-Kola” istehsal etdiyi müxtəlif çeşidli sərinləşdirici-spirtsiz içkiləri “Tasty Fruits and Food” MMC-yə satıb. Cavabdeh həmin malların əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəməyi öhdəsinə götürüb.

Son ödəmə tarixi 28.07.2018-ci il müəyyən edilib və “Tasty Fruits and Food” MMC-nin “Koka-Kola”ya 2800,95 manat məbləğində ödənilməmiş borc qalığı qalıb.

Məhkəmə iddianı qismən təmin edib. Belə ki, 2800,95 manat məbləğində əsas borc, 170 manat məbləğində isə dəbbə pulu cavabdehdən tutularaq, “Koka-Kola”ya ödənilməsi barədə qərar çıxarılıb.