“Bank VTB (Azərbaycan)” ASC “Azkoll Kollektor Agentliyi” MMC-ni məhkəməyə verib.
E-huquq.az-ın xəbərinə görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən ASC kollektor agentliyi ilə aralarında bağlanmış müqaviləyə əsasən, 4 min manat pulun cavabdehdən tutulması barədə tələb irəli sürüb.
Daha sonra “Azkoll Kollektor Agentliyi” MMC ərizə təqdim edərək, işin baxılması üçün aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsini xahiş edib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi cavabdehin ərizəsini təmin etməyib.
Qərardaddan narazı qalan kollektor agentliyi məhkəməyə şikayət təqdim edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin çıxardığı qərardadının ləğv edilməsini və baxılması üçün 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə göndərilməsini istəyib.
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadına əsasən, ASC-nin pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilib.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində işə baxılarkən hakim qeyd edib ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən hazırkı mülki işin aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi düzgün deyil.
Məhkəmələr arasında olan fikir ayrılığı nəzərə alınaraq, iddia ərizəsi ilə bağlı iqtisadi iş aid olduğu məhkəməyə verilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Qeyd edək ki, “Azkoll Kollektor Agentliyi” 2011-ci ildən fəaliyyət göstərir. MMC Şirkətlərə və vətəndaşlara geri alınmasında problemlər yaranmış borcların bərpa edilməsi üzrə xidmətlər göstərir.
