Hamilə arvadına işgəncə verən kişi məhkəmə zalında həbs edildi


  • 2 Dekabr 2021 10:37

Sumqayıt Apellyasiya Məhkəməsində hamilə vəziyyətdə olan həyat yoldaşına əzab verməkdə təqsirləndirilən Ruslan Əliyevin (şərti ad) barəsində dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə baxılıb.

E-huquq.az-ın məlumatına görə, məhkəmədə hökm oxunub. Hökmə əsasən, Şamaxı Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qərarı ləğv edilərək, R. Əliyev 1 il, 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, məhkəmə iclas zalında həbs olunub.

İttihama görə, Əliyev Ruslan Əhməd oğlu 14 noyabr 2002-ci il təvəllüdlü yetkinlik yaşına çatmayan Məmmədova Lalə Akif qızının (şərti ad) hamilə olmasını bildiyi halda,14 fevral 2020-ci il tarixdə birgə yaşadıqları evdə onun hər iki qolunu siqaretlə yandırıb. Həmin ilin martında isə taxta ilə döyüb, L. Məmmədovanın başını bir neçə dəfə divara vuraraq, zorakı hərəkətlərlə işgəncə verib.

Lalə Məmmədova 31 mart 2020-ci il tarixində Şamaxı rayon polis şöbəsinə gələrək Ruslanın onu döyməsi və işgəncə verməsi, əzab verməsi barədə və uşağını abort etdirməsi barədə ərizə ilə müraciət edib. L. Məmmədovanın qeyd etdiyi hallar ibtidai istintaq və apellyasiya instansiyasi məhkəməsinin araşdırmasında həmçinin, ekspert rəyləri və şahid ifadələri ilə tam sübuta yetirilib.

Şamaxı Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli qərarı ilə R. Əliyevin əməli Cinayət Məcəlləsinin 133.2.2 və 133.2.4-cü maddələrindən Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilib və onun barəsində cinayət işinə xitam verilmişdi.

Sevgül Qasımzadə

Oxşar xəbərlər