Çingiz Əsgərov: "ELSA Azərbaycan təşkilatı hüquqşünas tələbələrin elitasıdır"


  • 3 Dekabr 2021 22:00

"ELSA Azərbaycan təşkilatı hüquqşünas tələbələrin elitasıdır. Bu təşkilatın üzvləri əsasən əlaçı hüquqşünas tələbələrdir".

E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov "Avropa Hüquqşünas Tələbələr Assosiasiyası - Bakı” İctimai Birliyinin (ELSA Azərbaycan) təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər Fondunun, Ali Məhkəmənin və Vəkillər Kollegiyasının dəstəyi ilə reallaşdırılan “Məhkəmə-hüquq islahatları mövzusunda gənclərin maarifləndirilməsi” mövzusunda keçirilən konfransda deyib.

O, gənc hüquqşünasları və tələbələri Ali Məhkəmədə salamlayıb, onlara uğurlar arzulayıb. Bildirib ki, üç gün davam edəcək təlimlər Ali Məhkəmənin və ELSA Azərbaycanın təşəbbüsü ilə təşkil olunur. O, bu tədbirin təşkilinə verdiyi dəstəyə görə Gənclər Fonduna minnətdarlığını ifadə edib.

Çingiz Əsgərov dövlətimizin başçısının 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın icrası istiqamətində görülən işlərdən, Ali Məhkəmənin fəaliyyəti və məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi istiqamətində gördüyü tədbirlər barədə danışıb. Diqqətə çatdırıb ki, layihə çərçivəsində iştirakçılar son dövrdə ölkəmizdə məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlarla bağlı silsilə təlimlərdə iştirak edəcək, bu sahədə bilik və bacarıqlarını artırmaq üçün əlverişli imkan qazanacaqlar.

Qeyd olunub ki, Ali Məhkəmənin binasında keçirilən təlim gələcək hüquqşünasların hazırlanması və məhkəmə hakimiyyəti barədə məlumatlarının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. ELSA Azərbaycan təşkilatı ilə birgə keçirilən bu qəbildən tədbirlərin davamlı olmasının vacibliyini vurğulayan Ç.Əsgərov deyib: “Belə tədbirlər gənc hüquqşünaslar və hüquq təhsili alan tələbələr üçün çox faydalıdır. Məqsəd gənc hüquqşünasların və tələbələrin Ali Məhkəmədə təcrübə keçmələridir. Odur ki, onlar da yüksək fəallıq nümayiş etdirməlidirlər. Təlimlər interaktiv qaydada olacaq. Təlimçilər gənc hüquqşünasları maraqlandıran sualları cavablandıracaqlar. ELSA Azərbaycan təşkilatı hüquqşünas tələbələrin elitasıdır. Bu təşkilatın üzvləri əsasən əlaçı hüquqşünas tələbələrdir”.

Oxşar xəbərlər