""Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli Fərmanının 6-cı bəndinə əsasən, Azərbaycan Respublikasının Ali Məhkəməsinə məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün ciddi tədbirlərin görülməsi tövsiyə edilib, eləcə də qanunvericilikdə bu məqsədə xidmət edən mütərəqqi normalar təsbit edilib".
Bunu e-huquq.az-a müsahibəsində Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi Orxan İsayev deyib.
"Belə ki, cinayət-prosessual qanunvericilikdə müvafiq dəyişiklik edilməklə "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahı cinayət prosesini həyata keçirən orqanlar üçün tövsiyə xarakteri daşıyır" müddəaları çıxarılıb və müvafiq olaraq həmin Məcəlləyə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarının nəzərə alınmasının məcburiliyini müəyyən edən müddəalar əlavə edilib.
Bu baxımdan cinayət və cinayət prosessual qanunvericiliyi tətbiqi ilə bilavasitə məşğul olan Baş Prokurorluq tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətində Ali Məhkəmə ilə qarşılıqlı əlaqələrin səmərəliliyi daha da artırılıb və təkcə 2021-ci il ərzində konkret təkliflər irəli sürülməklə 5 belə müraciət göndərilməklə bir sıra Plenum qərarlarının müddəalarının təkmilləşdirilməsi zərurəti diqqətə çatdırılıb", – deyə İdarə rəisi qeyd edib.
