Məzmuna keç

Gəncə İnzibati Məhkəməsi deputat Qüdrət Həsənquliyevin fikirlərinə münasibət bildirdi

Gəncə İnzibati Məhkəməsi Milli Məclisin deputatı Qüdrət Həsənquliyevin parlamentin bu gün keçirilən iclasında məhkəmənin fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Məhkəmədən e-huquq.az-a daxil olan məlumatda deyilir:

"Azərbaycan Respublikası Milli Məclisinin 04 mart 2022-ci il tarixdə keçirilən iclasında çıxış edən deputat Qüdrət Həsənquliyev Gəncə İnzibati Məhkəməsində və Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında işlərə baxılarkən süründürməçilik hallarına yol verildiyini, çoxlu şikayətlər olduğunu bildirib və həmin məhkəmələrin fəaliyyətinin Məhkəmə-Hüquq Şurası tərəfindən araşdırılmasını istəyib. Gəncə İnzibati Məhkəməsi deputatın çıxışı ilə bağlı olaraq aşağıdakı məlumatların ictimaiyyətin diqqətinə çatdırılmasını zəruri hesab edir.

Məhkəmənin icraatında əmlak kompleksi kimi şadlıq evinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələbinə dair işə baxılır. Milli Məclisin deputatı Qüdrət Həsənquliyev əvvəlcə özünün istifadəsində olan mobil telefondan məhkəmə sədrinin istifadəsində olan mobil telefona zəng vuraraq həmin iş üzrə iddiaçıya köməklik göstərilməsini xahiş edib, məhkəmə qərarından şikayət verilməməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rəhbərliyinə müraciət edəcəyini söyləmişdir. Daha sonra isə yenidən məhkəmə sədrinə zəng vurub və bu dəfə o, iddianın təmin olunmasının vacib olduğunu, təmin olunmadığı halda Ali Məhkəmədə məhkəmə qərarını ləğv etdirəcəyini qeyd edib. Hər dəfə ona mübahisəyə qanuni baxılacağı bildirilib, iş üzrə mübahisəli obyektin Gəncə çayının mühafizə zonasında yerləşib-yerləşməməsi ilə bağlı məsələnin müəyyənləşdirilməsi üçün ekspertizanın keçirildiyi və digər lazımi araşdırmaların aparıldığı göstərilib.

Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin III hissəsinə əsasən hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, qanuna zidd təsir, hədə və müdaxilə edilməsi yolverilməzdir.

“Məhkəmələr və hakimlər haqqında” Qanunun 9-cu maddəsinə görə hər hansı bir şəxs tərəfindən, hər hansı bir səbəbdən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulması, təsir, hədə və müdaxilə edilməsi, habelə məhkəməyə hörmətsizlik göstərilməsi, yaxud aşkar etinasızlıq göstərildiyini bildirən hərəkətlər edilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə məsuliyyətə səbəb olur.

Hesab edirik ki, deputat Q.Həsənquliyev tərəfindən edilən çıxış Gəncə İnzibati Məhkəməsində baxılan konkret işlə bağlı olmaqla, bilavasitə işin həllinə qanunsuz olaraq kənar təsir və müdaxilə xarakteri daşıyır. İctimaiyyətin nəzərinə bir daha çatdırılır ki, bu cür əsassız və təhrif edilmiş məlumatlar yaymaqla edilmiş müdaxilələr qanunvericiliyin tələblərinə görə qəti şəkildə yolverilməzdir, ədalət mühakiməsinin nüfuzuna və ona olan ictimai etimada ciddi mənfi təsir göstərir. Belə hərəkətlərə deputat tərəfindən və Milli Məclisin yüksək kürsüsündən istifadə etməklə yol verilməsi isə xüsusilə təəssüf və təəccüb doğurur.

Gəncə İnzibati Məhkəməsi tərəfindən sözügedən kənar müdaxilə barədə qanunvericiliklə nəzərdə tutulmuş zəruri tədbirlərin görülməsi üçün artıq Məhkəmə-Hüquq Şurasına müraciət edilib. Həmin iş üzrə isə tam və hərtərəfli araşdırma aparıldıqdan sonra qanuni və əsaslı qərarın çıxarılması təmin ediləcək".