Konstitusiya Məhkəməsindən qərar: Uşağa "Muhammed" adını qoymaq olar


  • 30 İyun 2022 11:47

Konstitusiya Məhkəməsi L.Ramazanovanın şikayəti üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayətinə baxıb.

E-huquq.az-ın məlumatına görə, şikayətdə qeyd olunmub ki, L.Ramazanova yeni doğulmuş oğlunun doğumunun dövlət qeydiyyatına alınması ilə əlaqədar qeydiyyat şöbəsinə müraciət edib, lakin həmin qeydiyyat şöbəsində uşağın doğumunun qeydiyyata alınmasından imtina edilib. İmtinanın əsası kimi uşaq üçün seçilən “Muhammed” adının yazılış qaydası olmuşdur. Belə ki, qeydiyyat şöbəsi “Muhammed” adının yazılış qaydasına aydınlıq gətirilməsi məqsədilə Nazirlər Kabineti yanında Terminologiya Komissiyası ilə əlaqə saxlayıb və adıçəkilən qurumdan verilən məlumatda həmin adın onomastik adlar sistemində iki formasının “Məhəmməd” və “Məmməd” adlarının ənənəvi fonetik prinsipə uyğun olaraq düzgün yazılış forması olduğu, “Moxammed”, “Muhəmməd”, “Mohammad”, “Muhammed”, “Muhammad” formalarının isə Azərbaycan dilinin ədəbi dil normalarına uyğun olmadığına görə düzgün yazılış forması kimi qəbul edilmədiyi bildirilib. Bununla da övladının doğumunun “Muhammed” adı ilə qeydə alınmasından imtina edilib.

Bundan sonra L.Ramazanova Azərbaycan Respublikası 3 saylı Bakı “ASAN xidmət” mərkəzində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi Bakı İnzibati Məhkəməsinə müraciət edərək doğulmuş uşağın “Muhammed” adı ilə dövlət qeydiyyatına alınması tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş edib.

Bakı İnzibati Məhkəməsinin 2 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməyib. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin olunmayıb, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Ali Məhkəmənin İnzibati Kollegiyası 27 aprel 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin olunmayıb, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

L.Ramazanova Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək Ali Məhkəmənin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli qərarının Konstitusiya və qanunlarına uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilməsini xahiş edib. Şikayət onunla əsaslandırılıb ki, məhkəmə qərarlarında iddiaçının şikayətini əsaslandırdığı sübutlara qiymət verilməyərək iddiası rədd edilməklə, onun ədalətli məhkəmə araşdırması hüququ pozulub.

Konstitusiya Məhkəməsinin Plenumu işlə bağlı qərar qəbul edib. Hesab edilib ki, məhkəmələr müvafiq prosessual hüquq normalarının məzmununa uyğun olaraq hazırkı iş üzrə sübutları tam və hərtərəfli araşdırmayaraq və onları qiymətləndirməyərək mübahisənin qanuni və ədalətli həll edilməsinə nail olmayıblar. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlib ki, L.Ramazanovanın uşağa ad qoyulması tələbi barədə iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli qərarı Konstitusiyanın 32-ci maddəsinin I hissəsinə və 60-cı maddəsinin I hissəsinə, İnzibati Prosessual Məcəllənin 91 və 96.5.1-ci maddələrinə uyğun olmayan hesab edilməli, müvafiq məhkəmə aktı icra edilməməli və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.

Sözügedən qərarla daha ətraflı aşağıdakı vasitəsilə tanış ola bilərsiniz: http://www.constcourt.gov.az/az/decision/1299

Oxşar xəbərlər