Binəqədi Rayon Məhkəməsinin fəaliyyətində hansı nöqsanlara yol verilib? - HESABAT


  • 1 İyul 2022 16:47

Bakı Apellyasiya Məhkəməsinin Rəyasət Heyətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi sədrinin məlumatlarının videokonfrans formatında dinlənilməsi keçirilmişdir.

E-huquq.az xəbər verir ki, cari ilin iyun ayının 24-də Bakı Apellyasiya Məhkəməsində 2022-ci ilin birinci yarımilinə dair iş planına uyğun olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən 2021-ci ilin ikinci yarımilliyində baxılmış işlər üzrə cinayət və cinayət-prosessual qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə dair həmin məhkəmənin sədrinin məlumatının Rəyasət Heyəti tərəfindən dinlənilməsi ilə əlaqədar iclas keçirilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov ilk növbədə bildirmişdir ki, ölkə başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanında ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə bir çox tədbir və tələblərlə bərabər, həm də vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının, məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasınının təmin edilməsi üçün tədbirlərin görülməsi nəzərə tutulmuşdur.

Məhkəmənin sədri həmçinin qeyd etmişdir ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələləri üzrə apellyasiya məhkəməsi kollegiya sədrlərinin və həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri sədrlərinin məlumatlarının apellyasiya məhkəməsinin Rəyasət Heyəti tərəfindən dinlənilməsi nəzərdə tutulmuşdur. O, ədalət mühakiməsinin səmərələliyinin artırılması, hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyin proqnozlaşdırılan olması baxımından bu kimi dinlənilmənin vаcibliyini qeyd etmişdir.

İclasda çıxış edən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin sədri Araz Kazımov 2021-ci ilin ikinci yarımilliyində həmin məhkəmə tərəfindən baxılmış cinayət işləri və prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə bağlı materiallar üzrə statistik məlumatları təqdim etmiş, həmin işlər üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının apellyasiya və kassasiya qaydasında ləğv edilməsi və dəyişdirilməsi səbəblərinin məhkəmədə mütəmadi olaraq təhlil və müzakirə olunduğunu bildirmişdir.

Daha sonra sözügedən dinlənilmənin keçirilməsi üzrə məsul şəxs - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi Habil Məmmədov Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən baxılmış işlər üzrə qanunvericiliyin tələblərinə əsasən riayət edildiyini, bununla belə məhkəmə aktlarının apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsinə əsas olmuş xarakterik nöqsanlara yol verildiyini, bir sıra hallarda isə qanunvericiliyin tətbiqi zamanı hakimlər tərəfindən diqqətsizliyə yol verildiyini bildirmişdir. Habil Məmmədov həmçinin qeyd etmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimləri tərəfindən baxılmış cinayət işləri üzrə hallarının tam və hərtərəfli araşdırılmaması və nəticədə iş üzrə düzgün olmayan məhkəmə aktlarının qəbul edilməsi, məhkəmə iclaslarının üzrlü səbəblər göstərilmədən uzun müddətlərə təxirə salınması, habelə cinayət qanunu normasının düzgün tətbiq edilməməsi halları müəyyən olunmuşdur. Habil Məmmədov həmçinin cinayət-prosessual və inzibati xəta haqqında qanunvericiliyə uyğun olaraq baxılmış işlər üzrə yekun məhkəmə aktlarının apellyasiya qaydasında ləğv olunmasına və dəyişdirilməsinə əsas olmuş, habelə prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi ilə bağlı materiallar üzrə yol verilmiş digər xarakterik pozuntuları da diqqətə çatdırmışdır.

Daha sonra tədbir qarşılıqlı maraq doğuran fikir mübadiləsi ilə davam etdirilmişdir.

Sədr Mübariz Əkbərov iclası yekunlaşdıraraq keçirilmiş dinləmənin ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması, hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin formalaşdırılması baxımından əhəmiyyətli olacağını bildirmişdir. O, dinləmənin nəticələrinin və səslənən tövsiyələrin hakimlər tərəfindən diqqətdə saxlanılmasının vacibliyini qeyd edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Oxşar xəbərlər