Məzmuna keç

Nazir: “Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı yeni qaydalar qəbul olunub”

Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı yeni qaydalar qəbul olunub.

E-huquq.az xəbər verir ki, bunu ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov yeni hakimlərlə keçirilən görüşdə deyib.

F.Məmmədov yeni üsullarla ilk dəfə təyin edilmiş 107 nəfər hakimin fəaliyyətinin qiymətləndirilərək, onlardan 8 nəfərinin apellyasiya məhkəmələrinə irəli çəkildiyini, 2-nin məhkəmə sədri təyin edildiyini, fəaliyyətində peşəkar çatışmazlıqlar aşkar edilmiş 3 nəfərin isə səlahiyyətlərinə xitam verildiyini bildirib.

Nazir bununla əlaqədar məhkəmə fəaliyyətinin yeni çağırışlara uyğun, müasir tələblər səviyyəsində təşkili, etik davranış qaydalarına dönmədən əməl olunmasının vacibliyini vurğulayıb, korrupsiya və digər neqativ hallara qarşı barışmaz münasibət göstərildiyini, bu sahədə ölkə Prezidentinin qəti siyasi iradəsini diqqətə çatdırıb, 4 aprel 2022-ci il tarixli Sərəncamla təsdiq olunmuş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın əhəmiyyətini qeyd edərək, bu mühüm sənəddən irəli gələn vəzifələrə toxunub.