Hüquqşünas Nazir Bayramov Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixdə Şuşa şəhərində keçirdiyi iclasda "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair" qəbul etdiyi qərarı şərh edib.
E-huquq.az hüquqşünasın şərhini təqdim edir:
"Qərarın çıxarıldığı coğrafiya və tarixi an onun məzmunu barədə tənqidi mülahizələri söyləməyi bir qədər çətinləşdirir. Ona görə də qərarla bağlı yalnız bir neçə məqam barədə bəzi qısa qeydləri təqdim etməklə kifayətlənək. Düşünürük ki, balanslaşdırılmış yanaşma olar.
1. Qərarın adından, daha doğrusu onun adı ilə məzmunu arasındakı uyğunsuzluq barədə. Formal məntiqin "eyniyyət" qanunundan irəli gələn qaydaya görə, adla məzmun arasında uyğunluq olmalıdır. Qərarın adında şərh predmetlərindən biri kimi "312-ci maddəsinin Qeyd hissəsi" göstərilmişdir. Lakin qərarın məzmununda Qeyd hissəsinin məzmunu tamlıqla deyil, yalnız qismən, "Rüşvət verən şəxs (…) rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdikdə" hissəsində şərh edilir. "Qeyd"in qalan hissəsi (Qeyd: Rüşvət verən şəxs vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində rüşvət verdikdə (…) cinayət məsuliyyətindən azad edilir.") diqqətdən kənarda qalıb.
Bunu formal bir qüsur da hesab etmək olardı. Lakin qərarın məzmunu baxımından bunu etmək çətindir. Çünki rüşvət verənin "zərər çəkmiş şəxs" kimi tanınması motivlərini yan-yana qoysaq, yaddan çıxan element (situasiya) rüşvət verənin hüquqlarının daha ağır şəkildə pozulmasını görərik. Diletant dilində desək, onun "zərər çəkmiş şəxs" kimi tanınmasına daha çox haqqı çatır. Doğrudan da, rüşvət verən şəxs vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində rüşvət verdikdə hüquqları daha ağır formada pozulur, nəinki o, rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdikdə.
Qeyri-peşəkar fikrimizcə, qərar "Qeyd"in məzmunu tam əhatə etsəydi, (Qərarın adına uyğun olaraq) daha dolğun olardı.
2. Sonra. Qərarda göstərilir ki, "Dələduzluq yolu ilə əmlakı ələ keçirilən şəxsin cinayət prosesində zərərçəkmiş şəxs qismində tanınmaması ona qarşı dələduzluq cinayətini törətmiş şəxsin onunla barışmasına və ona dəymiş ziyanı tamamilə ödəməsinə görə cinayət məsuliyyətindən azad edilməsinə maneə yaratmaqla, Cinayət Məcəlləsinin 73-1-ci maddəsinin tətbiqini mümkünsüz edir". Bu, sorğunu zəruri edən arqumentlərdən biri kimi göstərilmişdir. Müvafiq faktiki və hüquqi əsaslar olduqda şəxsin zərər çəkmiş şəxs kimi tanınmaması prosessual hüquq pozuntusudur. Belə təcrübəni sorğu verənin özü çox asanlıqla, KM-nə “əziyyət” vermədən də aradan qaldıra bilərdi.
Yeri gəlmişkən, (xırda məsələ olsa da) qərarda sorğunun məzmununda dələduzluq cinayətinin "rüşvət vermə" ilə birgə törədilməsi barədə heç nə göstərilmir. Məzmunda isə məhz belə situasiyalar şərh edilir.
3. Daha sonra. "Nəzərə almaq lazımdır ki, qeyd olunan bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi Cinayət Məcəlləsinin 29, 312-ci maddələri ilə tövsif edilir, onların zərərçəkmiş qismində tanınması istisna olunur". "Bu hallarda" dedikdə, qərar Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli Qərarında təsvir edilmiş halı (şəxs, o cümlədən müvafiq səlahiyyətləri olmayan vəzifəli şəxs rüşvətxorluqda vasitəçilik etmək adı altında hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsinə görə səlahiyyətli vəzifəli şəxsə vermək adı ilə digər şəxsi rüşvət verməyə təhrik etdikdə və vədinə əməl etmək niyyətində olmayaraq pul və ya sair nemətləri ondan alıb ələ keçirdikdə) nəzərdə tutur. Ali Məhkəmənin fikrincə, belə hallarda əməl həm dələduzluq (Cinayət Məcəlləsinin 178-ci maddəsi), həm də rüşvət verməyə təhrik etmə (Cinayət Məcəlləsinin 32.4, 312-ci maddələri) kimi qiymətləndirilir.
Niyə? Hansı əsasa görə, rüşvət verməyə dələduz tərəfindən təhrik edilmiş və formal olaraq əməlində CM-nin 29,312-ci maddəsinin tərkibi olan şəxsi zərər çəkmiş şəxs kimi tanımaq olmaz? Nədir belə qərarı qəbul etməyi "istisna olunur" vəziyyətinə salan?
Təəssüf ki, qərarda bu suala cavab yoxdur. Yalnız ehtimal irəli sürülür ki, "Sözügedən Qərarda təqsirkarın digər şəxsi rüşvət verməyə təhrik edib aldatmaqla ona məxsus əmlakı ələ keçirməsi halında əmlakından məhrum olunmuş şəxsin zərərçəkmiş qismində tanınmasının istisna edilməsi mövqeləri onunla əsaslandırıla bilər ki, belə hallarda aldadılan şəxs öz əməli ilə rüşvət vermə cinayətini törətməyə cəhd göstərmişdir. Bunun əksi baş verdikdə, yəni rüşvət verən zərərçəkmiş şəxs qismində tanındıqda, ictimai münasibətlərin cinayət-hüquqi müdafiəsinin məqsəd və vəzifələri heçə endirilir". Nə mülahizənin "ehtimal" məzmunu, nə də mücərrəd "məqsəd və vəzifələr" kateqoriyaları konkret suala nəinki cavab vermir, onu axtarmağın düzgün yolunu da göstərmir.
Cinayət hüququnun "zəruri müdafiə", "son zərurət", "əsaslı risk" və s. (o cümlədən CM Xüsusi hissəsinin maddələrində göstərilən hallar) kimi institutları müvafiq hallarda "ictimai münasibətlərin cinayət-hüquqi müdafiəsinin məqsəd və vəzifələri heçə endirilir" fikrinin dayaqlarının bir o qədər də möhkəm olmadığını göstərir.
Hüququn "universallığı" prinsipi şəxsin zərərçəkmiş şəxs kimi tanınmasının ayrıca qaydasını (rüşvət vermə + dələduzluq) müəyyənləşdirməyə imkan vermir. Belə prosessual qərarların qəbul edilməsi əsasları və qaydası hamı üçün eynidir. Qanunda fərqlər yalnız cinayət təqibinin formaları (xüsusi, ictimai-xüsusi, ictimai təqib) üzrə müəyyənləşdirilmişdir. Rüşvət vermə (CM-nin 312-ci maddəsi) ictimai ittiham qaydasında təqib edilir. Bu qayda üçün də zərər çəkmiş şəxs kimi tanınmanın əlahiddə əsas və qaydaları müəyənləşdirilməyib. CPM-nin 315.2 və 315.3-cü maddələrinin (Maddə 315. Zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) məhkəmə baxışında iştirakı və onun gəlməməsinin nəticələri) məzmunundan aydın görünür ki, qanunverici zərər çəkmiş şəxsin "ictimai ittiham qaydasında həyata keçirilən cinayət təqibi üzrə məhkəmə iclasına gəlir.
Bir sözlə, mövcud qanunvericiliyə görə, əmlakı (əmlak hüquqları) dələduzluqla ələ keçirilmiş şəxsin əməlində CM-nin 29,312-ci maddəsinin əlamətlərinin olması onun zərər çəkmiş şəxs kimi tanınmasına mane olmur. Qərarda bu, şəxsin "cinayət məsuliyyətindən azad" edilməsi ilə əlaqələndirilir. Təbii ki, bu, zəif arqumentdir. Prosessual vəziyyət (aydındır ki, bu hansısa məmurun prosessual qərarından asılıdır) şəxsin maddi hüququnu əlindən almamalıdır. Belə şəxslər qeyd-şərtsiz zərər çəkmiş şəxs kimi tanınmalıdırlar. Bu, qanun normasının tələbidir. Cinayət prosesinin əsas məsələsi olan “təqsir” məsələsi hökmdə həll edilir. Hökm çıxarılana qədər bütün maraqlı şəxslərə (onların maraqlarının məzmunundan asılı olaraq) hüquqlarını müdafiə etmək üçün real imkanlar yaradılmalıdır.
Bu baxımdan, hüquqların səmərəli müdafiəsi üçün şəxs zərər çəkmiş şəxs kimi tanınmalıdır ki, CM-nin 312-ci maddəsinin "Qeyd" hissəsindəki hüquqi faktların (məlumatın könüllü verilməsi, hədə qorxu və s.) sübutunda səmərəli iştirak edə bilsin. Belə faktların məhkəmə baxışı mərhələsində də ortaya çıxa bilmə və işin prokurora qaytarılması (CPM-nin 318-ci maddəsi), bəraət hökmünün çıxarılması istisna deyil.
O ki qaldı, şəxsin eyni icraatda həm təqsirləndirilən şəxs, həm də zərər çəkmiş şəxs statuslarının mümkünsüzlüyünə, bu məsələ cinayət prosessual qanunvericiliyi tərəfindən tənzimlənir. Qanun norması (CPM-nin 49.4.4-cü maddəsi) "birgə baxılması obyektiv araşdırılmasına mane ola bilən digər bütün ittihamlar üzrə" icraatlar birləşdirilə bilməz.. "Cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmayan və onun xarakterinə görə ayrıca baxılması mümkün olan bütün hallarda cinayət təqibi üzrə icraatın ayrılmasına yol verilir." (CPM-nin 50.1-ci maddəsi).
4. Təcrübədə KM qərarlarının təsviri-əsaslandırıcı hissələrindən ayrı-aylı mülahizələrin arqument kimi istifadəsinə, yəqin, bir çox peşəkarlar rast gəlib. İngilis hüqüqundakı "rast gəlişi söylənən fikir" kimi. KM nüfuzu bu fikirləri şübhə altına almağı çətinləşdirir. Beləliklə, bəzi hallarda mübahisə görünən mülahizələr hüquqi realıq formalaşdırılmasında yaxından iştirak edirlər. Sözügedən qərarda da belə mülahizələrə rast gəlmək mümkündür. Məsələn, qərarda göstərilir ki, "Bu səbəbdən bəraətverici əsaslar olmadan cinayət işinə xitam verilməsi zamanı şəxsin təqsirli olub-olmaması məsələsi həll edilməmiş qalır". Necə, yəni həll edilməmiş qalır? Hökm yoxdursa, şəxs təqsirsizdir. Konstitusiya (eləcə də digər hüquq mənbələrinin) norması bunu deyir. Başqa misal. Qərarda: "Cinayət məsuliyyətindən azad etmə institutu Cinayət Məcəlləsinin 11-ci fəslinin müddəalarında, habelə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində məsuliyyətdən azad etmənin xüsusi halı kimi nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin Ümumi və Xüsusi hissələrinin bu normalarının tətbiqi vasitəsi ilə konstitusiya əhəmiyyətinə malik olan ədalətlilik və humanizm prinsipləri həyata keçirilir". Uzağa getmək lazım deyil. Kifayətdir ki, Cinayət Məcəlləsinin 8 (Maddə 8. Ədalət prinsipi) və 9-cu maddəsinin (Maddə 9. Humanizm prinsipi) məzmunlarını bu Məcəllənin 11-ci fəslinin maddələrinin dispozisiyalarının məzmunu ilə tutuşdurasan və əyani görəsən ki, bu, belə deyil, "ədalət" və "humanizm" prinsiplərinin (anlayışlar kimi) məzmunları tamamilə fərqlidirlər.
Belə xırda görünən məsələlər diqqətdən kənarda qaldıqda, hüquq mədəniyyətinin inkişafına neqativ təsir potensialından məhrum edilmir".
