Həbsin seçilməsi barədə hüquq siyasəti dəyişməlidir. Qanun tələb edir ki, şəxsin cinayəti törətməsinə dair ilkin sübut (şahid ifadələri, ekspert rəyləri, video və ya səs yazıları, izlər və sair) olduqda, onun həbs edilməsi mümkündür. Lakin çox az məhkəmə qərarı tapa bilərik ki, həmin qərarda həbsin seçilməsi üçün ilkin sübutun olub – olmaması, varsa, nə qədər mötəbər olması əsaslandırılsın.
İlkin sübut, başqa bir deyişlə, əsaslı şübhə və ya qüvvətli şübhə sayılır. Əgər ilkin sübut varsa, məhkəmə şəxsin istintaqdan qaçıb-qaçmamasını və ya istintaqa maneə olub – olmamasını yoxlamalıdır. Çox az qərar tapmaq olar ki, hakim həbs seçilməzsə, hansı formada təqsirləndirilən şəxsin qaça biləcəyi və ya istintaqa maneə olacağını müəyyənləşdirsin.
Cinayət-prosessual hüquqda şübhənin bir neçə növü müəyyən edilib.
a) Ağlabatan səbəb-cinayət törədilməmişdən əvvəl öz sahəsinin mütəxəssisi olan polisin təcrübəsinə əsaslanıb cinayət törədiləcəyini dərk etməsidir. Məsələn, bir neçə gənc oğlan marketə yaxınlaşıb bir müddət marketin daxilini izləyib gedirlər. Polis bunları müşahidə edir və onlarda silahın olmasını ehtimal edir. İlkin yoxlama ilə həmin şəxslərdə silahlarının olması məlum olur. Qanun bu zaman cinayət törədəcəyindən şübhələndiyi şəxsi polisin ilkin şəkildə üzdən (paltarlarına toxunmaqla) və axtarış aparmadan yoxlamağa icazə verir.
b) Ağlabatan şübhə-adi insanların əlamətlərinə baxdıqda cinayətin törədilməsindən şübhələnə biləcəkləri halda yaranır. Məsələn, bataqlıq bir yerdə cinayət törədilib, yaxınlıqdakı kənddə hər bir evin qarşısında evə daxil olan adamların ayaqqabıları var və bir evin qarşısında isə palçıqlı ayaqqabı aşkar edilir. Hər kəs buna baxdıqda, palçıqlı ayaqqabısı olan şəxsin cinayət törətməsindən şübhələnə bilər. Təbii ki, bu halda qəbul edilmiş qərara əsasən axtarış aparılmasına icazə verilir.
c) Yetərli şübhə-əldə edilmiş dəlillərin qiymətləndirilməsi nəticəsində cinayətin şübhəli şəxs tərəfindən törədilməsinə inanırıq. Məsələn, evə daxil olub axtarış apardıqda, palçıqlı ayaqqabının sahibinin üzərində ölmüş adamın qan izləri aşkar edilir. Bu şübhənin əldə edilməsi ilə ona qarşı ittiham elan edib təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb etmək mümkündür.
d) Qüvvətli şübhə-həbsin seçilməsi zamanı yaranır və bu şübhə yetərli şübhədən də güclüdür. Toplanmış dəlillərə görə təqsirləndirilən şəxsin məhkum olunma ehtimalının ciddi bir şəkildə güman olunmasıdır. Şəxsin cinayət törətməsində obyektiv müşahidəçini inandırmaq üçün kifayət edən məlumatların əldə edilməsi halında qüvvətli şübhə yaranır.
Ümid edirəm ki, əsaslı şübhə ilə bağlı məhkəmələrdə praktiki dəyişikliklər baş verəcək.
Vamiq Şükürov
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü
