Məzmuna keç

Bakı Apellyasiya Məhkəməsinin sədri vətəndaş qəbulu keçirdi –

İyulun 20-də Bakı Apellyasiya Məhkəməsinin sədri Mübariz Əkbərov tərəfindən Məhkəmə-Hüquq Şurasının üzvü qismində vətəndaşların növbəti qəbulu keçirilib.

E-huquq.az xəbər verir ki, qəbul zamanı hər bir vətəndaş məhkəmə sədri tərəfindən diqqətlə dinlənilib, onların Bakı Apellyasiya Məhkəməsinin icraatında olan konkret işlər üzrə, habelə ümumi xarakterli digər müraciətlərinə baxılıb.

Məhkəmənin sədri bildirib ki, qəbulların keçirilməsində başlıca məqsəd fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması, onların məmnunluğunun və məhkəmənin fəaliyyətində şəffaflığın təmin edilməsi, qeyri-prosessual münasibətlərin qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsidir. O, həmçinin hakimlər tərəfindən işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılmasının təmin edilməsi ölkədə aparılan məhkəmə-hüquq islahatlarının əsas hədəflərindən biri olduğunu, yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə tədbirlərin davam etdirildiyini qeyd edib.

Qəbul zamanı məhkəmə fəaliyyəti, habelə məhkəmənin fəaliyyətindən kənar digər məsələlər ilə bağlı hər bir vətəndaş onları narahat edən məsələləri sədrin diqqətinə çatdırmış, müraciətlərində məhkəmədə işin təşkili ilə bağlı qaldırılan məsələlər üzrə qəbulda iştirak edən məhkəmənin aidiyyəti məsul işçilərinə dərhal tapşırıqlar verilib, digər məsələlər üzrə müvafiq izahlar verib.

Vətəndaşlar onların qəbulunun və müraciətlərinin dinlənilməsinin təşkilindən və şəffaflığın təmin edilməsindən məmnunluqlarını bildirib, müraciətlərinin sərbəst şəkildə həyata keçirilməsinə məhkəmədə lazımi şərait yaradılmasına, qayğılarına həssaslıqla və diqqətlə yanaşılmasına görə ölkə Prezidentinə öz minnətdarlıqlarını ifadə ediblər.