- 2 İyul 17:08
Oktyabrın 20-də Kiyev Apellyasiya Məhkəməsində Misir Qasımlı və Sübhan Quliyev barəsində həbs qətimkan tədbirinin uzadılması haqqında qərarlardan şikayətlərə baxılıb.
Bu barədə e-huquq.az-a Misir Qasımlının vəkili Aygül Rəfiyeva məlumat verib.
Onun sözlərinə görə, hakim prosesual pozuntulara yol verib, iclas təyin olunduğu vaxtda başlamayıb və Misir Qasımlının məhkəmədə çıxışına şərait yaradılmayıb.
"Hər iki şikayəti fərqli hakim kollegiyaları eyni vaxta - saat 11:00-a təyin etmişdilər. Buna baxmayaraq bir şikayət üzrə işə saat 12:00-da baxılmağa başlanıldı və hakimlər Misir Qasımlının çıxışını kəsərək iş üzrə fasilə elan edib işi saat 15:00-a təxirə saldılar. Saat 15:00-da iclas davam etdirildi, lakin hakimlər Misir Qasımlının rus dilində jurnalistlərin və konsulun qarşısında iş üzrə baş verən bütün qanun pozuntularını sadaladığını gördükdə yenidən onun sözünü kəsdilər və konvoylara Misiri zaldan çıxarmaq haqqında əmr verdilər. Halbuki, Misir məhkəmədə qaydalara riayət edirdi. Digər qərar üzrə şikayəti məhkəmə icraata götürüb baxışa təyin etsə də, yenidən bütün prosessual normaları pozub, icraata götürməkdən imtina edilməsi haqqında qərar qəbul etdi. Və bunu onunla əsaslandırdılar ki, birinci instansiya məhkəməsinin qərarından şikayət verilə bilməzdi, hakim səhv edərək qərardan şikayət edilməsinin mümkün olduğunu qərarda yazıb", - deyə vəkil qeyd edib.
A.Rəfiyeva, həmçinin Misir Qasımlı və Sübhan Quliyevin həyatı üçün təhlükə olduğunu deyib: "İstintaq Təcridxanası məktubla vəkilə müraciət edərək qeyd edib ki, təcridxanada sığınacaq olmadığından hazırda orada saxlanılan şəxalərin həyat təhlükəsi var və daimi yaşayış yeri olan şəxslər orada saxlanıla bilməz".
Qeyd edək ki, bir ildən çoxdur Ukraynada saxlanılan hər iki Azərbaycan vətəndaşı heç bir sübut təqdim olunmadan istintaq altında saxlanılır.