31 oktyabr 2022-ci il tarixdə Şəki Apelyasiya Məhkəməsində 2022-ci ilin ikinci yarımilinə dair iş planına əsasən Ucar Rayon Məhkəməsi tərəfindən 2021-ci il ərzində cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələlər üzrə həmin məhkəmənin sədri Hilal Xəlilovun məlumatının dinlənilməsi keçirilib.
E-huquq.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan Şəki Apellyasiya Məhkəməsinin sədri Nuru Quliyev bildirib ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən Apelyasiya Məhkəməsinin Rəyasət Heyəti Azərbaycan Respublikası qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələləri üzrə apelyasiya məhkəməsi kollegiya sədrlərinin və həmin apelyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələri sədrlərinin məlumatlarını dinləyir. O, Şəki Apellyasiya Məhkəməsi tərəfindən məhkəmənin ərаzi yurisdiksiyаsınа аid edilmiş birinci instаnsiyа məhkəmələrin sədrlərinin məlumаtlаrının dinlənilməsinin vаcibliyini vurğulаmış və bu istiqаmətdə görülən işlərin əhəmiyyətindən bəhs edib.
Tədbirdə çıxış edən Ucar Rayon Məhkəməsinin sədri Hilal Xəlilov 2021-ci ildə və 2022-ci ilin birinci yarımilində cinayət icraatı ilə əlaqədar məhkəmənin icraatına daxil olan iş və materialların icraat növləri üzrə təhlilini iclas iştirakçılarının diqqətinə çatdırmışdır. O, həmçinin Ucar Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş hökmlərin və qərarların apellyasiya qaydasında ləğv olunmasına və dəyişdirilməsinə səbəb olan nöqsanlara toxunaraq, qeyd edilən nöqsanların gələcəkdə təkrarlanmaması üçün yuxarı instansiya məhkəmələrinin tövsiyələrinə uyğun olaraq işlərə baxılarkən daha diqqətli olacaqlarını bildirib.
Sözügedən dinlənilmə üzrə məruzəçi Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri Akif Eyvazov Ucar Rayon Məhkəməsi tərəfindən cinayət icraatı üzrə 2021-ci ildə qəbul edilmiş hökmlərdən və qərarlardan verilmiş apellyasiya şikayətlərinə və ya protestlərinə əsasən işlərə baxılarkən aşkar edilmiş nöqsanları məhkəmə sədrinin diqqətinə çatdırıb, xüsusən cinayət işləri üzrə yol verilmiş maddi və prosessual pozuntular üzərində dayanaraq həmin pozuntulara gələcəkdə cinayət işlərinə baxılan zaman yol verməmələri üçün öz tövsiyələrini verib.
Daha sonra tədbir cinayət və cinayət prosessual qanunvericiliyin tətbiqi ilə bağlı məhkəmə təcrübəsində rast gəlinən ziddiyyətli məsələlərin müzakirəsi ilə davam etdirilİB. İclasa sədrlik edən Nuru Quliyev tədbiri yekunlaşdıraraq bu kimi dinləmələrin keçirilməsinin cinayət və cinayət prosessual qanunvericiliyi üzrə məhkəmə təcrübəsinin formalaşması və hüquqi müəyyənlik prinsipinin təmin edilməsi baxımından əhəmiyyətli olmasını bildirmişdir. O, Ucar Rayon Məhkəməsinin sədri Hilal Xəlilovun dinlənilməsinin qənaətbəxş olduğunu qeyd edərək sonuncudan səslənən tövsiyələrin nəzərə alınmasını xahiş etmiş və gələcək fəaliyyətində uğurlar arzulayıb.


