2022-ci il oktyabrın 31-dən noyabrın 4-dək Azərbaycan Respublikası Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikasına səfər edib.
E-huquq.az-ın məlumatına görə, Ali Məhkəmənin hakimləri Səyyad Kərimov və Rahib Nəbizadə, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Səadət Bəktaşi, Aida Hüseyn və Sumqayıt İnzibati Məhkəməsinin sədri İmran Burcayevdən ibarət nümayəndə heyəti Astana şəhərində Qazaxıstan Respublikası Ali Məhkəməsinin sədri Jakip Asanovla görüş keçirib.
Görüşdə Azərbaycan və Qazaxıstan Ali Məhkəmələri arasında yaradılmış səmərəli əməkdaşlıq, təcrübə və bilik mübadiləsi çərçivəsində həyata keçirilən və gələcək tədbirlər müzakirə edilmişdir. J.Asanov Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayevin 2022-ci ilin may ayında Astanaya səfərini çox yüksək qiymətləndirilib. Nümayəndə heyəti Astana şəhərinin rayon məhkəmələri və inzibati məhkəməyə baş çəkərək, məhkəmələrin təşkili, elektron məhkəmə sisteminin fəaliyyəti və vətəndaşlar üçün yaradılmış şəraitlə tanış olub.
Keçirilmiş görüşlərdə iki türkdilli qardaş dövlətin məhkəmə sistemləri arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün növbəti addımlar ətrafında fikir mübadiləsi aparılıb. Astana Beynəlxalq Maliyyə Mərkəzinin Məhkəməsi və Beynəlxalq Arbitraj Mərkəzi ilə tanışlıq çərçivəsində Məhkəmə Katibliyinin rəhbəri cənab Kristofer Kempbell-Holtla beynəlxalq yurisdiksiyaya malik olan bu məhkəmənin fəaliyyətinin təşkili mövzusunda fikir mübadiləsi aparılıb.
Astana şəhərinə səfər zamanı nümayəndə heyəti həmçinin, 2022-ci ilin avqust ayında öz qapılarını açmış, Mərkəzi Asiyada ən böyük məscid olan Yeni Məscidlə, habelə Qazaxıstan Milli Muzeyində Qazax xalqının zəngin tarixi əks etdirən sərgi ilə tanış olub. Almatı şəhərində olarkən 2022-ci il noyabrın 2-də nümayəndə heyəti apellyasiya instansiyası məhkəməsi olan şəhər məkəməsi ilə tanış olmuş, məhkəmənin sədri A.Smaylov ilə işgüzar görüş keçirib.
2022-ci ilin 3-4 noyabr tarixlərində nümayəndə heyəti Almatı şəhərində "İnzibati ərizələrin mümkünlüyü və əsaslılığı (inzibati işlərə baxılması metodikası)" mövzusunda keçirilmiş beynəlxalq elmi-praktiki konfransda iştirak edib. Ali Məhkəmənin hakimi S.Kərimov konfrasda məruzə ilə çıxış edib, nümayəndə heyətinin üzvləri müzakirələrdə fəal iştirak edərək, Azərbaycanda bu sahədə məhkəmə təcrübəsi barədə məlumat təqdim ediblər.
Qeyd edək ki, səfər Azərbaycan İxtisaslaşmış Məhkəmə Hakimlərinin Assosiasiyası tərəfindən təşkil edilib.

.jpg)


