Bakı Apellyasiya Məhkəməsinin hakimləri – Elnur Həsənov, Xumar Mərdanova və Vahid Sadıqov Konstitusiya Məhkəməsinə müraciət ediblər.
E-huquq.az xəbər verir ki, hakimlər müraciətdə “Hərbi qulluqçuların dövlət icbari sosial sığortası haqqında” Qanunun 2.1.5-ci maddəsinin Mülki Məcəllənin 1151.1, 1152, 1243, 1255 və 1321-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsini xahiş ediblər.
Həmin müraciəti təqdim edirik.
"XXXX oğlu XXXX qızına qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, digər tələblərlə yanaşı, həm də oğlu şəhid olmasına görə ödənilmiş 11 000 manat sığorta ödənişinin yarısının, yəni 5500 manatın cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı həmin iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanmış nikah Suraxanı Rayon Məhkəməsinin 14.09.2020-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş, oğlu XXXX 21.10.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti şəhidə görə 11 000 (on bir min) manat sığorta ödənişini keçmiş arvadı XXXX qızna ödəmiş, aralarındakı razılaşmaya görə cavabdeh aldığı sığorta məbləğinin yarısını ona verməli olduğu halda, üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Lakin birinci instansiya məhkəməsinin 07 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələb(lər)inin təmin edilməməsi qət olunmuşdur.
Məhkəmə hazırkı müraciətə əsas təşkil edən tələb üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, 18.01.2021-ci il tarixli "qanun üzrə vərəsəlik haqqında şəhadətnamə"yə görə 23.10.2020-ci il tarixdə vəfat etmiş XXXX oğlunun vərəsəsi anasi XXXX qızıdır və o, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən mərhum XXXX oğlunun varisinə verilməli olan 11 000 manat sığorta ödənişindən tam hissədə pay almalıdır. Yəni XXXX hüquqmüəyyənedici sənəddə yeganə vərəsə kimi qeyd edilmiş və miras əmlakı təşkil edən 11 000 manat sığorta pulunu almışdır, iddiaçının mərhum oğlunun vərəsəsi olmasını sübut edəcək hər hansı dəlil isə məhkəməyə təqdim edilməmişdir. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 1133.1-ci, 1274-cü, 1321.3-cü maddələrinə istinad etmişdir.
Həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılarkən, məhkəmə praktikasında şəhid ailələrinə verilən sığorta ödənişinin mahiyyəti və onun kimlərə ödənilməli olması ilə bağlı müxtəlif yanaşmaların olduğu müəyyən edilmişdir.
Fikir ayrılığı əsasən, Mülki Məcəllənin 1151.1-ci maddəsinin mənası baxımından müvafiq sığorta ödənişinin miras əmlak kimi qiymətləndirilməsinin, buna bağlı olaraq isə həmin ödənişlərin verilməsinə vərəsəliklə əlaqədar mülki qanunvericilik müddəalarının tətbiqinin mümkün olub-olmaması və bu kontekstdə, müvafiq qanunvericilik aktlarında istifadə olunan "vǝrǝsə" ifadəsinin kimləri əhatə etdiyi məsələlərində yaranmaqdadır (bənzərfikir ayrılığı Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci hissəsinin tətbiqi zamanı da müşahidə olunur; həmin normada təsbit edilmişdir ki, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir).
Şəhid ailələrinə ödənilən sığorta ödənişinin miras əmlak kimi qiymətləndirilməsinin mümkün olmadığını irəli sürən hakimlərin mövqeyinə görə:
a) Həmin ödənişin verilməsinə əsas təşkil edən qanunvericilik aktlarının məqsədi şəhidin vərəsələrinə deyil, onun ailə üzvlərinə maddi-mənəvi dəstək olmaqdır va qanunvericiliyə əsasən, ailə üzvlərinin vərəsə, yaxud vərəsələrin ailə üzvü olması hüquqi məcburiyyət deyildir. Məsələn, şəhid öz əmlakını onunla ümumiyyətlə heç bir qohumluq əlaqəsi olmayan öz dostuna vəsiyyət etmişsə, həmin sağ qalan dostu da ona vərəsə ola bilər, ancaq bu (yəni dostunun vərəsə olması) onun, şəhidin ailə üzvü hesab olunmasına əsas yarada bilməz;
b) Miras əmlak anlayışı vəfat hadisəsi baş verdiyi anadək mövcud və ölən şəxsə maxsus olan əmlakı (Mülki Məcəllə m. 1151.1), vərəsə isə miras qalan bu əmlakı varislik qaydasında əldə etməyə haqqı olan şəxsi ifadə edir (Mülki Məcəllə m. 1133.1). Şəhid ailələri üçün nəzərdə tutulan imtiyaz və birdəfəlik ödənişlər isə öz mahiyyət və hüquqi təyinatları etibarilə bir tarafdən vərəsələri deyil, şəhidin ailəsinə şəhidin ölməzdən əvvəlki maddi dəstəyindən və ya gələcəkdə ailəsi baxımından gözlənilən dəstəyindən məhrum qalmalarının qisman aradan qaldırılması üçün dövlət tərəfindən verilir. Əks halda, misal üçün, ailəsini tərk edərək Rusiyaya gedən və 8 ildən sonra ölkəyə qayıdıb uşaqları ilə belə görüşmədən başqası ilə ailə qurub yaşayan şəxs, əvvəlki arvadından olan uşağının şəhid olmasından istifadə edərək vərəsə kimi birdəfəlik ödənişin ona da ödənilməsini tələb edə bilərdi;
c) Digər tərəfdən, verilən bu ödəniş və imtiyazların heç biri ümumiyyətlə heç miras əmlaka da aid deyildir, çünki bunların hamısı şəhidliyə görə verilir. yani bu imtiyaz və ödənişlər şəhidə deyil, onun ailəsinə aiddir. Bu imtiyaz və ödənişlər ilə bağlı haqların (hüquqların) heç biri şəxs şəhid olmzadan əvvəlki dövrdə ona mənsub olmadığından, o şəhid olduqda onun əmlakının aktivində ola va miras əmlak kimi onun vərəsələrinə keçə bilməz. Buna görə də, birdəfəlik ödənişlər şəhidin birgə təsərrüfat fəaliyyəti içərisində ailə şəklində yaşadığı və onun mövcud valva ya gələcək dəstəyindən (himayəsindən) məhrum qalan ailə üzvlərinə verilməlidir. Şəhid ailələri üçün imtiyaz və birdəfəlik ödənişləri nəzərdə tutan qanunvericilik aktlarının qəbul olunması səbəbi və bütövlükdə qanunvericiliyin bu məsələ ilə bağlı ümumi vəziyyəti məhz bunu tələb edir. Bunun əksinə olan fikir hüquqi deyil, mexaniki bir yanaşmadır;
d) Əgər sığorta ödənişi miras əmlak hesab olunarsa, o halda harbi qulluqçu həmin ödənişi vəsiyyat də edə bilər – halbuki, miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun (mülki Macallanin 1152-ci maddəsi). Hərbi qulluqçunun şəhid olması sığorta hadisəsi sayıldığından və məhz bu hal sığorta ödənişinin sığorta ödənişi almaq hüququ olan şəxsə ödənilməsi üçün əsas olduğundan, şəhid olmuş hərbi qulluqçunin həmin ödənişi vəsiyyət etməsi mümkün deyildir.
Şəhid ailələrinə ödənilən sığorta ödənişinin miras əmlak kimi qiymətləndirilməli olduğunu irəli sürən hakimlər isə öz mövqelərini aşağıdakı kimi əsaslandırırlar:
a) Şəhid ailələrinə birdəfəlik ödənişlə bağlı qanunvericilik mətnlərində “ailə" ifadəsi əvəzinə "vərəsə" ifadəsi işlədilmiş və birdəfəlik ödənişin alınması üçün vərəsəlik şəhadətnaməsi tələb olunmuşdur. Buna görə də şəhid ailələrinə verilən birdəfəlǝik ödənişlər şəhidlərin vərəsələri arasında vərəsəlik paylarına mütənasib olaraq həyata keçirilməlidir;
b) Mirasa (miras amlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının toplusu daxildir və "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanunun 6.4-cü maddəsinə görə sığortaolunanlar hərbi qulluqçu statusu əldə etdikləri gündən sığorta olunduqlarından, müvafiq sığorta ödənişinə münasibətdə onların əmlak hüquqları yaranır.
Hesab edirik ki, yuxarıda göstərilən fərqli yanaşmalar və məhkəmələrin eyni situasiyada cərəyan edən eyni məsələlərdə fərqli qərarlar vermələri, vahid məhkəmə təcrübəsinin formalaşmasına mənfi təsir göstərməklə yanaşı, həm milli qanunvericiliklə, həm beynəlxalq aktlarla qorunan hüquqi müəyyənlik, habelə normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərinin də pozulmasına gətirib çıxara bilər.
Buna görə də həm hazırda icraatda olan, həm də analoji işlər üzrə məhkəmə təcrübəsindəki fikir ayrılıqlarını aradan qaldırmaq üçün, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" Qanunun 2.1.5-ci maddəsinin Mülki Məcəllənin 1151.1 ci, 1152-ci, 1243-cü, 1255-ci və 1321-ci maddələri kontekstində şərh olunmasına zərurət yarandığı qənaətindəyik".
