2023-cü ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin yaradılmasının 100 illiyi tamam olur. Bununla əlaqədar olaraq noyabr ayından etibarən Ali Məhkəmə tərəfindən silsilə tədbirlərin keçirilməsinə başlanılıb.
E-huquq.az xəbər verir ki, bu gün Ali Məhkəməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə paytaxtın Qaradağ rayonu Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirib.
Ali Məhkəmənin hakimləri və əməkdaşlarından ibarət 250-dən artıq insanın qatıldığı aksiyada Ali Məhkəmənin sədri Ramiz Rzayev və Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev də iştirak edib.
Konstitusiya günündə Ali Məhkəmənin yaradılmasının 100 illiyinə həsr olunmuş aksiya zamanı mindən artıq ağac əkilib. Abşeron yarımadasının iqliminə uyğun olaraq əkilən ağacların küləkdən qorunması üçün dirəklər basdırılmış və onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub.
Həmçinin əkilən ağacların mühafizəsi və mütəmadi olaraq onlara qulluq göstərilməsi məqsədilə bütün zəruri tədbirlər görülüb.










