Məhkəmə sədri Konstitusiya Məhkəməsinə müraciət etdi


  • 16 Noyabr 2022 14:11

Şəki Apellyasiya Məhkəməsinin sədri Nuru Quliyev Konstitusiya Məhkəməsinə müraciət edib.

E-huquq.az xəbər verir ki, məhkəmə sədri müraciətdə İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38.1-ci, 145.1-6-cı, 146.1-1-ci maddələrinə münasibətdə, habelə həmin maddələrin Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələrinə uyğunluğu baxımından şərh edilməsini istəyib.

Həmin müraciəti təqdim edirik:

"Qax Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli qərarı ilə XXX oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra IXM-in) 529.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 240 saat müddətində ictimai işlər inzibati tənbehinin tətbiq edilməsi, XXX oğlunun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinin qoyulması qərara alınmışdır.

İnzibati işin materiallarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin XXX oğluna istinad edilən əməl ondan ibarət olmuşdur ki, fiziki şəxs XXX oğlu XXX oğlunu Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Qax rayonu Nizami parkında yerləşən kafedə ofisiant kimi işlərin yerinə yetrilməsinə cəlb etmişdir. XXX oğlunun ona istinad edilən inzibati xətada təqsirliliyi ilk növbədə özünün səmimi etirafı və tərtib edilmiş sənədlərlə təsdiq olunur. Nəticədə XXX oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin 27.04.2022-ci il tarixli inzibati tənbeh tətbiq edilmə haqqında qərarına əsasən İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 manat məbləğində inzibati cərimə edilmişdir. XXX oğlu inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qanuni qüvvəyə minmiş qərarı 3 ay müddətinə icra etmədiyinə görə onun barəsində Qax rayon İcra və probasiya şöbəsi tərəfindən İXM-in 529.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün Qax Rayon Məhkəməsinə göndərilmişdir.

İş üzrə yuxarıda qeyd edilmiş məhkəmə qərarı qəbul edilmişdir. Qax Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli qərarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəki-Zaqatala regional şöbəsinin rəisi şikayət vermişdir.

Qax Rayon Məhkəməsində baxılmış iş materiallarından görünür ki, XXX oğlu Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinə əsasən 3000 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq etme haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyinin 27.04.2022-ci il tarixli inzibati tənbeh tətbiq edilmə haqqında qərarını qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir.

Həmin qərar icraya yönəldildikdən sonra Qax rayon İcra və probasiya Şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında 27,07.2021-ci il tarixli qərar qəbul edilmişdir. XXX oğlu cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) məcburi icraya yönəldilmiş qərarını icra etmədiyinə görə onun barəsində 9 ay sonra, yəni 27 aprel 2022-ci il tarixdə Qax rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən İXM-in 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir.

İXM-in 38.1-ci maddəsinin tələbləri nəzərə alınarsa, XXX oğlu tərəfindən İXM-in 529.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilmə vaxtı 27 sentyabr 2021-ci il tarixə təsadüf edir və İXM-in 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilərək məhkəməyə göndərilməli idi. Qanunvericiliyin tələblərinə görə isə inzibati tənbeh də inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilərdi. Qanunvericiliyin tələblərinə görə isə inzibati tənbeh de inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilərdi.

Qax Rayon Məhkəməsində baxılmış iş materiallarından görünür ki, XXX oğlu inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qanuni qüvvəyə minmiş qərarını 3 ay müddətinə icra etmədiyinə görə onun barəsində Qax rayon İcra və probasiya şöbəsi tərəfindən İXM-in 529.1-ci maddəsi ilə inzibati protokol 27 aprel 2022-ci il tarixdə tərtib edilərək baxılması üçün Qax Rayon Məhkəməsinə göndərilmiş, məhkəmənin 10 may 2022-ci il tarixli qərarı ilə IXM-in 529.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 240 saat müddətində ictimai işlər inzibati tənbehi tətbiq edilmişdir.

İXM-in 529.1-ci maddəsinə əsasən, məsuliyyət o halda yaranır ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmiş olsun.

"İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 13.1.3-2-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlar - Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsində müəyyən edilmiş müddətlər ərzində icraya yönəldilməlidir.

İXM-in 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirəsalmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir.

IXM-in 150.7-ci maddəsinə əsasən barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilən fiziki şəxs işləmirsə, yaxud onun əməkhaqqından və ya digər gəlirlərindən inzibati cərimənin ödənilməsi mümkün deyildirsə, yaxud cərimə könüllü qaydada ödənilmədikdə inzibati cərimə tətbiq etmə haqqında qərar "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada məcburi icraya yönəldilir.

IXM-in 150.9-cu maddəsinə əsasən fiziki və ya vəzifəli şəxs barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın məcburi icraya yönəldilmiş qərarı 2 ay müddətində, məhkəmənin məcburi icraya yönəldilmiş qərarı isə 15 gün müddətində icra olunmadıqda, icra məmuru bu Məcəllənin 529.1 və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir. İXM-in 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin ve ya hüquqi Şəxs barəsində məlumatların Əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir.

Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Həmin Məcəllənin 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır.

İXM-in 38.1-ci maddəsinə əsasən isə İXM-in 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarında inzibati xəta törətmiş şəxsin qaçıb gizlənməsi və bu səbəbdən də müddət axımının dayanması halı yoxdur.

Göründüyü kimi, XXX oğlu tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın məcburi icraya yönəldilmiş qərarının 2 ay müddətində icra olunmadığını ve hemin 2 aylıq müddətin 27 sentyabr 2021-ci il tarixdə başa çatmasını nəzərə alsaq, icra məmuru IXM-in 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokolu inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra tərtib edərək məhkəməyə göndərməli idi. Lakin iş materiallarından da müəyyən olunur ki, XXX oğlu inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın məcburi icraya yönəldilmiş qərarını 2 ay müddətində icra etməsə də, icra məmuru tərəfindən onun barəsində İXM-in 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokolu qanunun məcburi icra üçün müəyyən etdiyi 2 aylıq müddət bitdikdən dərhal sonra deyil, 6 ay sonra tərtib edilərək məhkəməyə göndərilmişdir.

Beləliklə, XXX oğlu tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın məcburi icraya yönəldilmiş qərarını 2 ay müddətində icra etməsə də, icra məmuru tərəfindən onun barəsində IXM-in 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokolu qanunun məcburu icra üçün müəyyən etdiyi 2 aylıq müddət bitdikdən dərhal sonra deyil, 6 ay sonra tərtib edilərək məhkəməyə göndərilməsi və sonuncunun Qax Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli qərarı ilə İXM-in 529.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 240 saat müddətində ictimai işlər inzibati tenbehinin tətbiq edilməsinin qanunauyğunluğu IXM-in 38.1-ci maddəsinin tələbləri baxımdan ziddiyyətli görünür.

Yuxarıda qeyd edilənlərlə bağlı maraq doğuran digər məsələ ilə əlaqədar:

İXM-in 145.1 və 145.1.6-cı maddələrinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etmiş hakim, səlahiyyətli orqan həmin maddələrdə nəzərdə tutulmuş hallarda, o cümlədən də barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə, inzibati tənbeh tətbiq etme haqqında qərarın icrasına xitam verir. İXM-in 145.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etme haqqında qərarın icrasına xitam verilməsi barədə hakim, səlahiyyətli orqan tərəfindən qərardad qəbul edilir. Qeyd edək ki, IXM-in 146.1-1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 il müddətində icra edilməmişdirsə, daha icra edilmir.

Belə olan halda, yəni inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə icra məmuru tərəfində IXM-in 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilsə də, məhkəmə tərəfindən İXM-in 38-ci maddəsinə əsasən müddətin keçməsi əsası ilə iş üzrə icraata xitam verildiyi və beləliklə də, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə məhkəmə tərəfindən IXM-in 529.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmədikdə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın qərarının icrasının sonrakı taleyi maraq doğurur. Belə olan halda, icra məmurunun eyni əsaslarla həmin şəxsin barəsində İXM-in 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək yenidən məhkəməyə göndərməsinin qanunvericiliyin tələblərinə uyğunluğununun müəyyən edilməsinə zərurət yaranır. Göründüyü kimi, bu halda IXM-in 145.1.6-cı maddəsinin IXM-in 146.1-1- ci maddəsinin tələbləri baxımdan ziddiyyətlidir.

Hesab edirik ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslərin mənafeyi baxımından qeyd olunan məsələyə aydınlıq gətirilməsi, vahid təcrübənin formalaşdırılması, qanunvericiliyin hüquq tətbiqedənlər tərəfindən eyni qaydada tətbiq edilməsi və bununla da hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədilə IXM-in 150.9-cu maddəsinin IXM-in 38.1- ci maddəsinin müddəalarına, həmçinin İXM-in 145.1.6-cı maddəsinin IXM-in 146.1-1-ci maddəsinin müddəalarına uyğunluğunun yoxlanılması ve Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci maddələri, eləcə də "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6 və 7-ci maddələri baxımından şərh olunması Məhkəməsinə müraciət edilməsi zərurəti yaranmışdır".

Oxşar xəbərlər