Məzmuna keç

“Ədliyyə sahəsində görülən işlər ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsinə imkan yaradıb”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə ölkəmizdə dünyanın yeni çağırışlarına uyğun geniş islahatlar keçirilməkdədir. Xüsusən də dövlət quruculuğu sahəsində daha mütəşəkkil idarəetmə formasının yaradılmasını hədəfləyən sistemli dəyişikliklər və struktur islahatları cəmiyyət və dövlət həyatında mühüm yeniliklər vəd edir.

Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji istiqamətlərə uyğun olaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsi ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində daha da müasirləşərək yeni-yeni uğurlara imza atmaqdadır. Birmənalı olaraq deyə bilərik ki, hazırda ölkəmizdə məhkəmə-hüquq islahatları keyfiyyətcə yeni mərhələyə keçmişdir. Nəzərdə tutulan təkmilləşmə prosesi son dövrlər bütövlükdə ölkə üzrə həyata keçirilən geniş islahatlar kursunun tərkib hissəsidir. Bu sahədə daha yüksək nəticələrə nail olmaq məqsədilə Azərbaycan Prezidenti tərəfindən imzalanmış “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanın mühüm siyasi əhəmiyyətə malikdir. Çünki Azərbaycanda normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində həyata keçirilən siyasi kursun keyfiyyətcə yeni mərhələsinin başlanğıc nöqtəsi olan bu sənəd hüquqi islahatların “yol xəritəsi” kimi xüsusi önəm daşıyır. Eyni zamanda, çağdaş dövrün tələblərindən irəli gələn həmin Fərman bütövlükdə ədliyyə və müasir məhkəmə-hüquq sisteminin modernləşməsinə ciddi təkan verib. Fərmanda qeyd olunur: “Ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasını və bu sahədə islahatların dərinləşdirilməsini zəruri edir”. Başqa sözlə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün təmin edilməsi, 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar bütün sahələrdə olduğu kimi bu istiqamətdə də mütərəqqi formatların tətbiqini şərtləndirir.

Yeni regional inzibati və kommersiya məhkəmələri təsis edilib, vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün işlək mexanizmlər yaradılıb, məhkəmələrin və hakimlərin təminatı gücləndirilib. Ədliyyə sahəsində infrastrukturun müasirləşdirilməsi üzrə görülən tədbirlər çərçivəsində yeni məhkəmə bina və komplekslərinin inşası, onların ən müasir İKT qurğuları ilə təchizi xüsusi yer tutur. Ötən il sentyabrın 3-də Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" layihəsi çərçivəsində inşa olunmuş Sumqayıt Məhkəmə Kompleksinin açılışı ölkə rəhbərliyinin bu sahəyə diqqət və qayğısının bariz nümunəsidir. Bütün bunlar onu göstərir ki, dövlətimizin başçısının vurğuladığı kimi, Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir. Artıq Azərbaycanda hüquqi dövlət qurulub, qanunun aliliyi təmin edilib və məhkəmə sistemi dünyada mövcud olan ən mütərəqqi təcrübəyə əsaslanır.

Keçən il sentyabrın 24-də Ədliyyə Nazirliyi və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən Sumqayıt Məhkəmə Kompleksində “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sisteminin inkişafı: çağırışlar, islahatlar və innovasiyalar” mövzusunda keçirilmiş ictimai təqdimat bu baxımdan əhəmiyyətli tədbir olub.

Hüquqi islahatların müasir şəraitə uyğunlaşdırılması,yeni reallıqlar hüquqi islahatların aktuallığını artıran amildir. Bu çərçivədə həyata keçirilən tədbirlər son nəticədə insan hüquqlarının, hüquqi yardımların əlçatanlığının rahat şəkildə təmin olunmasına yönəlib. Məsələn, artıq bu gün on minlərlə normativ sənədi ehtiva edən “Hüquqi aktların vahid elektron bazası” vasitəsilə hər kəs ödənişsiz olaraq, ani rejimdə qanunvericilik aktlarını əldə edə bilir. İşğaldan azad olunmuş ərazilərdə dayanıqlı məskunlaşmanın təmin edilməsi üçün hüquqi baxımdan heç bir maneə yoxdur. Bundan əlavə, bələdiyyə fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə xüsusi portal fəaliyyət göstərir.

“Elektron məhkəmə” informasiya sisteminin prokurorluq orqanlarına inteqrasiyası ədalət mühakiməsinin daha səmərəli və çevik həyata keçirilməsinə imkan yaradıb. Böyük sosial əhəmiyyətə malik “ASAN xidmət”, “DOST” mərkəzləri əhaliyə operativ hüquqi xidmətlərin yüksək səviyyədə təşkil olunmasına kömək edən və daim təkmilləşən mütərəqqi layihələrdir. Ölkəmizin xaricdəki konsulluqlarının “e-notariat” sistemi vasitəsilə xidmətlər göstərməsi soydaşlarımızın sənədləşmə ilə bağlı problemlərinin həllinə yardım edir.

Qanunun aliliyinin təmin edilməsi baxımından məhkəmə-hüquq sistemində şəffaflığa nail olunması milli prioritet hesab edilir və məhkəmə-hüquq islahatlarının aparılmasının xüsusi önəmini ortaya qoyur. Bu istiqamətdə konkret səmərəli tədbirlər həyata keçirilir. Məsələn, son illər ərzində məhkəmə infrastrukturunun müasirləşdirilməsi çərçivəsində yüksək texnoloji – “hi-tech” məhkəmə binaları tikilib. “Elektron məhkəmə”nin və onun tərkib hissəsi olan “Elektron icra” sisteminin tətbiqi ədalət mühakiməsinin səmərəsinin artırılması baxımından özünü doğrultmuş layihələrdəndir. Bütün bu tədbirlərin nəticəsi olaraq mülki və kommersiya işləri üzrə məhkəmə qərarlarının sabitliyinin yüksək olması və kassasiya instansiyasına, yəni Ali Məhkəməyə iddiaçıların və ya cavabdehlərin müraciət faizinin azalma tendensiyası məhkəmələrə artan inamın, ictimai etimadın əyani təzahürüdür. Məhkəmə-hüquq sistemindəki ardıcıl islahatlar kursu ədalət mühakiməsinin həyata keçirilməsində aşkarlığın və qərəzsizliyin daha dolğun şəkildə təmin edilməsi üçün möhkəm zəmindir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməsinin mütəmadi monitorinqinin aparılması, tətbiq edilən rəqəmsal innovasiyaların inkişaf etdirilməsi və digər aktual məsələlər müəyyənləşdirilmiş konkret hədəflərə nail olmaq üçün görülən tədbirlər sırasındadır.

Ölkəmizdə həyata keçirilən hüquqi islahatlar qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları arasında səmərəli əməkdaşlığın inkişafına, qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi Məhkəmə-hüquq sistemi vasitəsilə ilə çox sıx əməkdaşlıq həyata keçirir ki, bu da yeni qanun layihələrinin müzakirəsinə və qəbuluna öz töhfəsini verir. Məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində ümumi məqsədlərə yönəlmiş birgə fəaliyyətin daha bir nümunəsi parlament nümayəndəsinin Məhkəmə-Hüquq Şurasında təmsil olunmasıdır. Milli Məclis hüquqi əsasların formalaşdırılmasına və qanunvericilik təşəbbüsü subyektləri tərəfindən daxil olmuş təkliflərə xüsusi diqqətlə yanaşır. Son illər ərzində müvafiq qanunlarda edilmiş dəyişikliklərə əsasən 35 əməl tamamilə və ya cinayət əməlinə görə məsuliyyət yaradan hədd artırılmaqla dekriminallaşdırılmış, bəzi cinayətlərə görə zərərçəkmiş şəxslə barışma və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azad etmə müəyyən olunmuş, azadlıqdan məhrumetmə cəzasının tətbiqi hallarının azaldılması məqsədilə 30 maddənin sanksiyasına alternativ cəzalar, o cümlədən cərimə, islah işləri və azadlığın məhdudlaşdırılması cəzaları daxil edilmiş, hərbi xidmət əleyhinə olan cinayətlərə görə cəzalar yüngülləşdirilmişdir.

Prezidentin haqqında danışdığımız 2019-cu il 3 aprel tarixli Fərmanında mediasiya prosesinin tətbiqi ilə bağlı maarifləndirmə və təşviqat tədbirlərinin həyata keçirilməsi zərurəti öz əksini tapmışdır. Ötən müddət ərzində Milli Məclis tərəfindən “Mediasiya haqqında” 2019-cu il martın 29-da qəbul olunmuş Azərbaycan Respublikası Qanununun təkmilləşdirilməsi və onun digər qanunlara uyğunlaşdırılması məqsədilə bir neçə dəyişiklik edilmişdir.

Fərmanının icrası çərçivəsində kommersiya məhkəmələrinin təşkili, məhkəmə qərarlarının icrası işinin və məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi, vahid məhkəmə təcrübəsinin formalaşdırılması və digər məsələlərlə bağlı qabaqcıl beynəlxalq təcrübə öyrənilmiş, həmçinin ictimaiyyətin təklifləri və rəyləri nəzərə alınmaqla çoxsaylı normativ-hüquqi aktın layihəsi işlənib hazırlanmış, dövlətimizin başçısının qanunvericilik təşəbbüsü əsasında Milli Məclisə təqdim etdiyi bir çox yeni qanunlar qəbul olunmuşdur.

“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli Qanununun tətbiqi “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanda verilmiş tapşırıq və tövsiyələrə müvafiq olaraq müasir dövrün tələblərinə cavab verən ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək, məhkəmə icraatında müasir informasiya texnologiyalarının tətbiqinin üstünlüklərindən istifadə etmək, ədalət mühakiməsi mexanizmlərinin daha səmərəli fəaliyyətini təmin etmək kimi məqsədləri hədəfləyir.

Ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, o cümlədən elektron ədliyyə xidmətlərinin sayının artırılması, bu xidmətlərdə yeni innovativ metodların və onların mobil versiyalarının tətbiqi üzrə ardıcıl tədbirlər davam etdirilir.

Son illər istifadəyə verilmiş və vətəndaş məmnunluğu doğuran “Mobil notariat”, “Mobil məhkəmə” tətbiqləri ədliyyə və məhkəmə fəaliyyətinə əlçatanlığı təmin edir, onların vasitəsilə aidiyyəti əməliyyatlar məsafədən daha asan, rahat və çevik həyata keçirilir.

Əhalinin normativ aktlar barədə məlumatlandırılması, onların mətni ilə tanış olması, hüquqi biliklərinin artırılması məqsədilə Ədliyyə Nazirliyi tərəfindən on minlərlə normativ sənədi ehtiva edən informasiya resursunun ,normativ aktlara çevik və daha rahat şəkildə əlçatanlığı təmin edən yeni mobil “E-qanun” tətbiqi hazırlanıb və sentyabrın 9-da bu innovasiyanın ictimai əhəmiyyətinə və funksional imkanlarına dair geniş ictimai təqdimat keçirilib.Təqdimatda Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin Hüquqi Aktların Dövlət Reyestri şöbəsinin rəisi Mahir Yolçuyev elektron bazada respublikanın qanunvericilik sisteminə daxil olan aktların mətnləri ilə yanaşı, Ali Məhkəmənin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin, Tarif Şurasının, habelə BMT-nin Təhlükəsizlik Şurasının bəzi qərarlarının da yerləşdirildiyini nəzərə çatdırıb.

Qeyd edək ki,mobil tətbiq günün istənilən saatında məkana bağlı olmadan kiçik cihazlarda normativ aktlara çevik və daha rahat şəkildə əlçatanlığı təmin edir. “E-qanun” mobil tətbiqi həm “İOS”, həm də “Android” platforması üçün uyğundur. Mobil tətbiq “Google Play” və “Applestore” elektron mağazalarından ödəniş tələb edilmədən yüklənilir və heç bir istifadəçi adı və şifrə tələb olunmadan istifadə edilir. Sadə və asan olmaqla intuitiv formada idarə olunan bu tətbiqdə “E-qanun.az” saytında olan bütün bölmələr və funksiyalar var.

Yüksək qürur hissi ilə 2021-ci ildə parlaq Zəfərimizin ilk ildönümünü qalib xalq kimi,Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəal iştirakı ilə doğma torpaqlarımızın dirçəldilməsi yolunda nəhəng bərpa-quruculuq işlərinin aparıldığı,Qarabağ və Şərqi Zəngəzurda yol-nəqliyyat, enerji, sosial infrastrukturların, tarixi, dini və mədəni abidələrimizin qısa müddətdə bərpası – Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsi, Zəngəzur dəhlizinin təməlinin qoyulması və onun tərkib hissəsi olan Horadiz-Ağbənd dəmir yolu xəttinin yenidən qurulması, azad edilmiş ərazilərə müntəzəm avtobus reyslərinin açılması böyük qayıdışın başlanğıcıdır.

Dövlətimizin başçısı tərəfindən 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan olunduğu bu il Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşa şəhərinin 270 illiyinin təntənəli qeyd olunacağını, bununla bağlı tədbirlərin müəyyən edildiyi və eyni zamanda, Vətən müharibəsi şəhidlərinin xatirəsinin və misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlinin qoyulduğu qürürlandırıcı haldır.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər həyata keçirilən hüquqi dövlət quruculuğu prosesində islahatların reallaşması siyasi kursun prioritet istiqamətlərindən biridir. Bu məqsədlə qəbul olunmuş çox mühüm qərarlar və onların icrası üzrə görülən genişmiqyaslı işlər isə qanunun aliliyini və insan hüquqlarının etibarlı müdafiəsini təmin edən mühüm siyasi addım kimi dəyərləndirilir.

Dövlət müstəqilliyimizin bərpasından sonra böyük və zəngin fəaliyyət yolu keçmiş Azərbaycan ədliyyəsi ulu öndər Heydər Əliyevin dövlətçilik amallarına və ölkəmizin qüdrətlənməsi naminə milli dövlət quruculuğunda Prezident İlham Əliyevin siyasi kursuna daim sadiqlik nümayiş etdirəcəkdir.

Şaiq Mirzəyev

Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru