Ümummilli liderimiz Heydər Əliyevin ədliyyə sahəsinə göstərdiyi böyük diqqət və qayğının təzahürü olaraq 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin qəbulu günü – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib. Ədliyyə işçiləri bu bayramı bizə bəxş etmiş Ulu Öndərimizə dərin minnətdarlıq hissi və böyük ruh yüksəkliyi ilə hər il qeyd edirlər.
Bu bayram bizim üçün xüsusilə əlamətdar olmaqla, böyük fəxarətlə keçirilir. Сəmi bir neçə gün öncə isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Vətən müharibəsində tarixi Qələbəsinin növbəti ildönümü – Zəfər Günü qeyd olunub.
Xalqın təkidli tələbilə 1993-cü ildə respublika rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası, cəsarətli və sarsılmaz iradəsi ilə xalqımızı və dövlətimizi böyük təhlükələrdən qurtararaq müstəqilliyimizi dönməz etməsi daim böyük ehtiramla xatırlanır. Bu gün tam əminliklə söyləyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanı dünyada yüksək nüfuza sahib ölkəyə, etibarlı tərəfdaşa və regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevirdi. Xüsusilə hər bir azərbaycanlının ən ümdə arzusunu reallığa çevirərək müqəddəs torpaqlarımızı düşmən tapdağından azad etdi.
Prezident İlham Əliyevin rəhbərliyi altında bütün istiqamətlərində olduğu kimi, məhkəmə-hüquq sahəsində də ardıcıl modernləşmə prosesləri reallaşmaqdadır. Müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında, şəffaflığın təmin edilməsində və məhkəməyə əlçatanlığın yaxşılaşdırılmasında da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı bu islahatların “yol xəritəsi” olmuşdur. Ölkədə yaradılmış “Elektron məhkəmə” informasiya sistemi məhkəməyə müraciət etmək hüququnun yaranması anından məhkəmə qərarının icrasının tamamlanmasına qədər bütün prosesi əhatə edir.
Elektron sənəd dövriyyəsini, məhkəmə proseslərinin audio və videoyazısını, videokonfransların keçirilməsini təmin edir, sənədlərin əldə olunması vaxtını dəfələrlə azaldır. Qanunvericiliyə edilmiş dəyişikliklər məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə, o cümlədən süründürməçiliyin aradan qaldırılmasına, işlərə çevik və vaxtında baxılmasına şərait yaradıb. Həmçinin bu dəyişiklər məhkəmələr tərəfindən “Elektron məhkəmə” informasiya sisteminin tətbiqini daha da genişləndirib. Məhkəmə icraatının videokonfrans əlaqə sistemi vasitəsilə həyata keçirilməsi imkanının yaradılması şəffaflığın əlavə təminatı olmaqla xüsusi əhəmiyyət kəsb etməkdədir. “Mobil məhkəmə” tətbiqindən geniş istifadə olunması da məhkəmə istifadəçilərinin məmnunluğuna xidmət edir.
Bu gün biz qürur hissi ilə deyirik ki, ədliyyə fəaliyyətinin dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkili, müasir texnologiyaların və idarəçilik metodlarının tətbiqi, yeni nəsil hüquqşünasların formalaşdırılması üzrə genişmiqyaslı tədbirlər görülmüşdür. Bir sözlə, peşə bayramında bütün ədliyyə sistemində əsl bayram əhval-ruhiyyəsi yaşanır, işçilərdə böyük mənəvi stimul, cəmiyyətdə isə Azərbaycan ədliyyəsinə, onun fəaliyyətinə rəğbət yaranır.
Ədliyyə ədalət sözündəndir. Ona gərə də istər Ədliyyə Nazirliyi, istərsə də məhkəmə sistemində çalışan hər bir ədliyyə işçisi ilk növbədə haqqın və ədalətin keşiyində dayanmalıdır. Öz mənəvi saflığı, ədalətli olmağı, peşəkarlığı, vətəndaşlara qayğılı münasibəti ilə Azərbaycan Ədliyyəsinin nüfuzunu qorumalı, onun adını daim uca tutmalıdır.
Mütərəqqi ədliyyə və məhkəmə islahatlarının həyata keçirilməsində Azərbaycan Prezidentinin göstərdiyi siyasi iradə, islahatlara verdiyi müstəsna əhəmiyyət və dəstək hər birimizi üzərimizə düşən vəzifələri bundan sonra da böyük məsuliyyət və şərəflə yerinə yetirməyə səfərbər edir.
Əziz həmkarlar, peşə bayramınız mübarək!
Orxan Məmmədli
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi
