Məzmuna keç

“Ədliyyə işçiləri öz vəzifələrini hər zaman layiqincə yerinə yetirmək əzmindədirlər”

Ümummilli Liderimiz Heydər Əliyevin ədliyyə sahəsinə göstərdiyi böyük diqqət və qayğının təzahürü olaraq 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin qəbulu günü – 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilib.

Erməni işğalına son qoyan Vətən müharibəsi xalqımızın haqq, ədalət uğrunda mübarizəsinin təcəssümü olaraq müstəqillik tariximizə qızıl hərflərlə yazılıb. Qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı ədaləti bərpa etmək, öz hüququnu təmin etmək, dövlətini, dövlətçiliyini qorumaq uğrunda daim mübarizə aparıb. 2020-ci il sentyabrın 27-də xalqımızın mənfur düşmənin hərbi təxribatlarına cavab olaraq başladığı haqq savaşında olduğu kimi. 44 gün davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan dəmir iradəsi, yenilməz sərkərdəliyi və bənzərsiz diplomatik məharəti ilə bütün dünyaya göstərdi və sübut etdi ki, Azərbaycan haqlı tərəfdir və torpaqlarını işğaldan azad etməyə, zəfər çalmağa qadir, güclü ordusu var.

Təsadüfi deyil ki, Azərbaycan Ordusunun Vətən müharibəsində unikal əməliyyatları dünya hərb tarixinə düşərək bu gün dərindən öyrənilir, tədqiq edilir.

Xalqı zəfərə aparan ən vacib məqam isə, ilk növbədə, qətiyyətli liderin, orduya layiqli komandanlıq etməyi bacaran, səriştəli, dünya siyasətinə dərindən bələd olan, nəyi nə zaman necə etmək olduğunu yaxşı bilən bir rəhbərin olmasıdır. Bütün bu xüsusiyyətlər məhz Prezident İlham Əliyevdə cəmləşib. Azərbaycan xalqı xoşbəxtdir ki, həyatını müasir müstəqil dövlətimizin hərtərəfli davamlı tərəqqisinə həsr edən, 30 illik erməni işğalına son qoyaraq əzəli torpaqlarımızı, o cümlədən Qarabağın tacı olan Şuşanı azad edərək parlaq Qələbə qazanan Müzəffər Ali Baş Komandanı var.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin ideya və amallarını davam etdirmiş, ölkəmiz sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur. Prezidentimizin rəhbərliyi ilə Azərbaycan ədliyyəsi ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində daha da müasirləşmiş, yeni uğurlara imza atmışdır.

Cənab İlham Əliyevin prezidentliyi dövründə ədliyyə təşkilatlarının məsuliyyəti daha da artmış, bu quruma qayğı və diqqət yüksəlmişdir. Ədliyyə işçiləri öz fəaliyyətlərində daim cənab Prezidentimizin qayğısını hiss edir. Belə ki, möhtərəm Prezident dəfələrlə ədliyyə işçilərinin maddi və sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncamlar imzalamışdır

Vətən müharibəsi günlərində ədliyyə işçiləri də səylərini əsirgəməyiblər. Hərbi vəziyyət elan olunduqdan dərhal sonra nazirlik gücləndirilmiş iş rejiminə keçmiş, fəaliyyətin digər hüquq-mühafizə orqanları və aidiyyəti təşkilatlarla sıx əlaqəndirilməsi, fövqəladə hallar barədə operativ məlumatlandırmanın təşkili, penitensiar müəssisələrin, informasiya resurslarının təhlükəsiz fəaliyyəti və onların mühafizəsi üzrə təxirəsalınmaz tədbirlər görülüb.

2006-cı ildə ölkədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunmuş, nazirliyə yeni vəzifələr həvalə edilmiş, strukturu təkmilləşdirilmişdir. Müstəqillik dövründə ilk dəfə olaraq dövlət başçısının 18 aprel 2006-cı il tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında əsasnamə təsdiq edilərək ona hüquq mühafizə orqanı statusu verilmiş, habelə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanunu qəbul olunmuş və ölkə Prezidenti tərəfindən "Ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006-cı il tarixli Fərman imzalanmışdır. Bir sözlə, ədliyyə sistemi islahatlar yolu ilə müasirləşir.

Azərbaycan ədliyyəsinin 104 illik yubileyi böyük ruh yüksəkliyi ilə qeyd edən ədliyyə işçiləri dövlət başçımız cənab İlham Əliyevin ətrafında sıx birləşməklə ölkəmizin müasir inkişafına uyğun olaraq öz vəzifələrini hər zaman layiqincə yerinə yetirmək və daha məsuliyyətlə çalışmaq əzmindədirlər.

Peşə bayramlarını qalib xalqın nümayəndələri kimi böyük qürur hissi ilə qeyd edən ədliyyə işçiləri tarixi Zəfər günlərini bizlərə yaşatdığına görə Prezidentə sonsuz minnətdarlıq və ehtiram hissi keçirir. Qəti əminik ki, düşmənə endirilən “Dəmir Yumruq” xalqımızın firavan gələcəyi naminə bundan sonra da ölkəmizə yeni-yeni möhtəşəm qələbələr qazandıracaq, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz gündən-günə inkişaf edərək daha da möhkəmlənəcək.

Dövlət müstəqilliyimiz yenidən bərpa olunduqdan sonra ədliyyə orqanlarının inkişafına xüsusi diqqət və qayğı göstərilmişdir. Bu qayğının təzahürü olaraq ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir. Bundan əlavə bu müddətdə ədliyyə nazirliyinin fəaliyyəti üçün qanunvericilik əsaslı surətdə yenilənmiş, ədliyyənin müasirləşdirilməsi ilə bağlı dövlətimizin başçısı tərəfindən fərman və sərəncamlar imzalanmış, dövlət proqramları qəbul edilərək icra olunmuşdur.

Ədliyyə işçiləri bu bayramı xalqımıza bəxş etmiş Ümummilli Liderimizə dərin minnətdarlıq hissi ilə hər il qeyd edirlər.

Peşə bayramı günü münasibətilə bütün ədliyyə işçilərini təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirəm!

Gültəkin Əsədova

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi