Nazir: "40 nəfər hakimliyə namizəd təyinat ərəfəsindədir"


  • 22 Noyabr 2022 12:40

"Dövlət başçısının kadr islahatlarına və gəncləşmə siyasətinə uyğun olaraq son iki ildə məhkəmə sistemində kadr korpusundan səmərəli istifadə edilərək rəhbər hakim vəzifələri üzrə 50-dək mühüm təyinatlar aparılıb. Eyni zamanda hakimlərin iş yükünün azaldılması, işlərə operativ və daha keyfiyyətlə baxılması məqsədilə Fərmanla ayrılmış hakim ştatlarının yüksək hazırlığa və mənəvi keyfiyyətlərə malik hüquqşünaslar hesabına və çevik komplektləşdirilməsi məqsədilə hakimlərin seçimi qaydaları təkmilləşdirilib. Bu çoxmərhələli proses fasiləsiz xarakter alaraq imtahanlarda şəffaf prosedurlar və müasir texnologiyalar tətbiq edilir, ictimai nəzarət daim təmin olunur".

E-huquq.az xəbər verir ki, bunu ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov deyib.

O bildirib ki, ötən dövrdə 1200-dək hakimliyə namizədlə şəffaf müsabiqələr keçirilib, bütün mərhələləri, o cümlədən Ədliyyə Akademiyasında uzunmüddətli tədris və məhkəmələrdə təcrübəni uğurla başa vurmuş 80-dən çox şəxs müxtəlif hakim vəzifələrinə təyin edilib. 300-dək hakimliyə namizəd isə müsabiqənin müxtəlif mərhələsində, o cümlədən 40 nəfər təyinat ərəfəsindədir.

"Hazırda bütün hakim korpusunun 80%-ni məhz bu yeni üsullarla seçilərək təyin olunmuş hakimlər təşkil edir. Məhkəmə hakimiyyətində gənclərin, qadınların geniş təmsil olunmasına, onların yuxarı məhkəmə instansiyalarına təyin edilməsinə, rəhbər vəzifələrə irəli çəkilməsinə daim xüsusi diqqət yetirilir. Dövlət başçısının sərəncamları ilə yeni təyin edilmiş hakimlərin də əksəriyyəti 35 yaşa qədər olan gənc nəsil hüquqşünaslar, təxminən yarısı isə qadın hakimlərdir. Həmin hakimlər sırasında şəhid övladlarının olması xüsusi qeyd olunmalıdır", - deyə nazir qeyd edib.

Oxşar xəbərlər