Saatlıda ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub - FOTO


  • 22 Noyabr 2022 13:47

Saatlı rayonunda 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.

E-huquq.az xəbər verir ki, əvvəlcə rayon icra hakimiyyətinin başçısı, rayonun ədliyyə və məhkəmə işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib heykəlin önünə gül dəstələri düzüblər.

Daha sonra Saatlı Rayon Məhkəməsinin inzibati binasında Saatlı Rayon Məhkəməsinin kollektivi, rayon icra və probasiya şöbəsi, qeydiyyat şöbəsi və notariat xidməti əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən Saatlı Rayon Məhkəməsinin sədri İxtiyar Abuşov peşə bayramı münasibətilə ədliyyə işçilərini təbrik edib, bu tarixi günün ulu öndər Heydər Əliyevin 2000-ci il noyabrın 11-də imzaladığı Sərəncamla təsis olunduğunu diqqətə çatdırıb. Ölkəmizdə müstəqil məhkəmə hakimiyyətinin formalaşdığını vurğulayan məhkəmə sədri ümummilli lider Heydər Əliyevin yaratdığı siyasi xəttin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində Azərbaycan ədliyyəsinin inkişafı yolunda mühüm nailiyyətlər əldə olunduğunu bildirib, zəruri islahatların həyata keçirilməsində ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədun rolundan danışıb.

Tədbirdə digər çıxış edənlər Azərbaycanda Ədliyyə Nazirliyinin bir struktur kimi formalaşması və inkişafında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müstəsna xidmətlərini diqqətə çatdırıblar.

Sonda tədbirə yekun vuran sədr İxtiyar Abuşov ədliyyə işçilərinin Ulu Öndərin müəyyən etdiyi və uğurla həyata keçirilən dövlətçilik amallarına daim sadiq qalacağına, ölkənin hərtərəfli inkişafı naminə möhtərəm Prezidentin ətrafında daha sıx birləşərək üzərlərinə düşən vəzifələri bundan sonra da böyük məsuliyyət və şərəflə yerinə yetirəcəyinə əminliyini ifadə edib.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.


Oxşar xəbərlər