Məzmuna keç

Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsi əbədi yaşayacaq

Xalqımızın böyük oğlu, tarixi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin vəfatından 19 il ötür.

Tarixdə ölkəsinin ən çətin anlarında həyatları bahasına olsa belə dövləti qoruyub saxlayan böyük şəxsiyyətlər olmuşdur. Onların sırasında Heydər Əliyev şəxsiyyətini xüsusi olaraq qeyd etmək lazımdır. Heydər Əliyev XX əsr Azərbaycan tarixində milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirmiş fenomenal şəxsiyyətdir. O, təkcə öz ölkəsində deyil, bütün dünyada layiqli hörmət və nüfuz qazanmış görkəmli dövlət xadimidir. O deyirdi ki, “Mənim əsas silahım Sözdür”. Bu silah sayəsində Ulu Öndər insanlara özlərinə güvənməyi öyrətdi və xalqı inandırdı ki, Azərbaycanın gələcəyi də, onun iqtisadiyyatı və mədəniyyəti də öz əlindədir. Heydər Əliyevin sülhməramlı daxili və xarici siyasəti nəticəsində və xalqımızın haqq səsini dünya xalqlarına çatdırdığı üçün bu gün Azərbaycan tanınır.

Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Heydər Əliyevin xidmətləridir.

Təsadüfi deyil ki, Ulu Öndərin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından kənara çıxıb. Dünya miqyasında ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mənəviyyatın, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalıb. Məhz həmin dövrdə gələcək müstəqilliyimizin təməl daşları hörülüb, iqtisadi, sosial və mədəni potensialı formalaşıb. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində köklü islahatlar aparılmış və dəyişikliklər baş vermişdir. Bu nəhəng işlər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir.

Xalqın təkidli tələbi nəticəsində ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə ikinci dəfə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuş, ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesinin yeni mərhələsi başlanmışdır. Qısa zamanda müdrik rəhbərin dərin məntiqinin, silinməz dəst-xəttinin və zəngin siyasi təcrübəsinin ən böyük bəhrələrindən biri olan Konstitusiya layihəsi hazırlanmış və geniş ictimai müzakirələrdən keçərək 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul olunmuşdur. Yeni Konstitusiya Azərbaycanda dövlət quruculuğu sahəsində fundamental islahatlara yol açmışdır. Konstitusiyanın qəbulundan sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi və fəal iştirakı ilə məhkəmə-hüquq islahatlarının aparılması, qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsində Azərbaycanda demokratik quruluşun, eləcə də hüquqi dövlətin möhkəm təməli qoyulmuşdur. Böyük öndərin ədаlətli idаrəçilik sistemi yаrаtmаq amalı onun məhkəmə-hüquq islahatlarını prioritet məsələ olaraq məqsəd seçməsində özünü büruzə vermişdir. Məhz bunun nəticəsidir ki, Heydər Əliyevin təşəbbüsü ilə məhkəmə hakimiyyəti anlayışı ilk milli Konstitusiyamızda öz əksini tapmış, Əsas Qanunda məhkəmə hakimiyyətinə verilən səlahiyyətlərə hakimlərin sərbəstliyi və müstəqilliyi daxil edilməklə ölkədə insan hüquqlarının qorunması və məhkəmə sistemində ədalət mühakiməsinin səmərəli təşkili baxımından mütərəqqi addımlar atılmışdır.

Ümummilli liderin 1998-ci il dekabrın 1-də imzaladığı müvafiq fərmanla qüvvəyə minmiş “Məhkəmələr və hakimlər haqqında” qanun bu sahədə qanunvericiliyin müasirləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması baxımından mühüm addım olmuşdur. Hakim vəzifəsinə seçkilərin test üsulu ilə, tamamilə açıq, şəffaf, obyektiv və ədalətli prosedur əsasında keçirilməsi prinsiplərini müəyyənləşdirən qanunda məhkəmə hakimiyyətinin dövlət idarəçilik sistemində nüfuzlu, mötəbər və müstəqil təsisat kimi formalaşması məsələsinə də xüsusi diqqət ayrılmışdır. “Məhkəmələr və hakimlər haqqında” qanuna müvafiq olaraq yeni qurum – hakim vəzifəsinə müstəqil namizədlərin seçilməsi, onların fəaliyyətinin qiymətləndirilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri həyata keçirən Məhkəmə Hüquq Şurası yaradılmışdır. Bu gün dahi öndərin siyasi kursunu ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev bütün sahələrə olduğu kimi, məhkəmə hakimiyyətinin də möhkəmləndirilməsinə, müasirləşdirilməsinə xüsusi diqqət yetirir.

Bu gün ulu öndərin ruhu şaddır, çünki onun vəsiyyəti yerinə yetirilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmiş və xalqımız 30 ildir həsrətində olduğu əzəli torpaqlarına qovuşmuşdur. Artıq regionda yeni reallıqlar yaratmış Azərbaycan indi də Heydər Əliyev ideyalarından ilham alaraq inkişaf edir və daha da güclənir.

Şübhəsiz ki, bütün ömrünü Vətəninə, xalqına sədaqətlə xidmət edən Ümummilli Liderin xatirəsi hər bir azərbaycanlının qəlbində yaşayacaq və onun ideyaları hər bir Azərbaycan vətəndaşının həyat amalına çevriləcək.

Habil ƏHMƏDOV,

Abşeron Rayon Məhkəməsinin hakimi