Məzmuna keç

Mənimsəmədə təqsirləndirilən sabiq vəzifəli şəxsin məhkəməsi başlayır

Mənimsəmədə təqsirləndirilən Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Cəlilabad bölgə təcrübə stansiyasının sabiq direktoru Hüseynağa Feyzullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Vüqar Əhmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası fevralın 23-nə təyin olunub.

Qeyd edək ki, H.Feyzullayev işlədiyi 2009-2019-cu illər ərzində BTS-in fəaliyyəti zamanı əldə edilərək yardımçı təsərrüfatın xəzinəsinə mədaxil olunmuş pul vəsaitlərini, habelə müəssisənin balansında olan texnika və avadanlıq üzərində qanunsuz sərəncam verməklə ümumilikdə 108 min 114 manat məbləğində pul vəsaiti və maddi əmlakı özünün və üçüncü şəxslərin mülkiyyətinə keçirməklə öz qulluq mövqeyindən istifadə edib mənimsəmədə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

Eltac Nurullazadə